Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2733/2025 29.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı «X2 Kompleksi» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 29 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: «X2 Kompleksi» MMC rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, tədarükçü qismində "X2 Kompleksi” MMC-nin "X4 və Tədarük Məntəqəsi" filialı və fermer Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 32 saylı xam-pambığın alqısatqı üqaviləsinə əsəsən Cavabdeh öhdəsində olan 5 ha pambıq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 32 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya salmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar Cavabdeh iddiaçıdan ümumilikdə 10653,44 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan müəyyən ödənis etmis, lakin öhdəliyini tam sakilda icra etmədiyini, Cavabdeh 3773,50 manat əsas, 754,6 manat cərimə və 66 manat ödənilmiş dövlət rüsumu – cəmi 4594,1 manat tutularaq «X2 Kompleksi» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X2 Kompleksi» MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə Cavabdeh iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli 2023-cü il mövsümü üzrə xampambığın alqı-satqısına dair 32 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh icarəsində olan 5 ha torpaq sahəsində pambıq əkib becərməli və məhsulu iddiaçıya təhvil verməli, iddiaçı isə fermeri kənd təsərrüfatı texnikaları, toxum, gübrə və s. təmin etməyi, fermer tərəfindən təhvil verilmiş məhsulun fermerin borclarını çıxmaqla qalan hissəsinin dəyərini ödəməsini öhdəsinə götürmüşdür. İş materialında olan üzləşmə aktın surətindən görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə Cavabdeh pambıq əkini üçün 10653,44 manat dəyərində avans, xidmət, məhsul (gübrə, dərman, toxum) verilmiş və Cavabdeh 3773,50 manat borcu qalmışdır. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 3773,50 manat borcu qalmışdır. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişdən görünür ki, öhdəliklərin icra edilməsi üçün cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 32 saylı müqavilə bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh sahəsinə müəyyən aqrotexniki xidmətlər göstərərək və avans verərək üzərinə düşən öhdəlikləri tam icra etmiş, Cavabdeh isə müqavilə üzrə 5 hektar torpaq sahəsində pambıq əkməyi və əldə olunan məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 3773,50 manat borclu qalmaqla öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə ödəməyi üzərinə götürmüşdür. Cavabdeh müqaviləsi üzrə 754,6 manat cərimə borcu hesablanmışdır. Lakin məhkəmə işin hallarını nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467ci maddəsinə əsasən cərimə borcunu azaldaraq 10 manat hesablanmasını məqsədə uyğun hesab edir. Həmin maddədə qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borcunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə borcu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsində qeyd olunmuşdur ki, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3773,50 manat əsas, 10 manat cərimə və ödənilmiş dövlət rüsumu əvəzində 66 manat – cəmi 3849 (üç min səkkiz yüz qırx doqquz) manat 50 (əlli) qəpik tutularaq «X2 Kompleksi» MMC-nin xeyrinə ödənilsin. İddianın cərimə borcu tələbinin qalan 744,6 manat hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-2733/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2733/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver