Məhkəmə qərarları › İş №e-2(013)-3367/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3367/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3367/2025 25.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı məhkəməyə müraciət edərək, 09 yanvar 2024cü il tarixli MAS-6169 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2025-ci il tarixə 526.21 manat gecikdirilmiş əsas və həmin günə hesablanmış 342.10 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar SD” minik markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1351.28 manat məbləğində pul olmaqla, cəmi 2219.59 manat borc və ödənilmiş 42.20 manat dövlət rüsumu pul məbləğinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 09 yanvar 2024-cü il tarixli MAS-6169 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh, 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı ** PJ *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə 3) əsasən X3 illik 18% hesablanmaqla 38 ay müddətə hər ay sabit məbləğ omaqla 451.31 manat ümumilikdə isə 17150 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən X1, xx.xx.2024-cü il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh öhdəlikləri öz üzərinə götürmüş və qeyd olunan avtomobil onun müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə şirkətin müvəqqəti dayanacağına yerləşdirilmişdir. Eyni zamanda servis mərkəzi tərəfindən tərtib edilmiş qüsyr aktına əsasən avtomobilə 1351.28 manat dəyərində ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdeh 09 yanvar 2024-cü il tarixli MAS-6169 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2025-ci il tarixə cəmi 868.31 manat borcu yaranmışdır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı MMC-dən xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron ərizə dəxil olmuş və həmin ərizəsində qeyd olunan iddia ərizəsi üzrə mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2024-cü il tarixli MAS-6169 saylı nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı ** PJ *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil, xx.xx.2024-cü il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan «X6» MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Qüsur aktının surətindən görünür ki, “Khazar SD” ağ rəngli avtomobildə yaranan nasazlığı aradan qaldırmaq üçün lazım olan ehtiyyat hissələrinin və texniki xidmət üzrə dəyəri ümumilikdə 1351.28 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1261 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin qeyd olunan lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə ödənilməmiş əsas borcu 526.21 manat, 342.10 manat cərimə borcu, ümümilikdə isə 868.31 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 09 yanvar 2024-cü il tarixli MAS-6169 saylı “Daxili lizinq” müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımca icra etmədiyinə görə 342.10 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, tətbiq olunmuş 342.10 manat məbləğində dəbbə pulu 300 manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 42.10 manat hissəsində isə təmin edilməlidir. Yenə Mülki Məcəllənin 747.1-ci maddəsinin tələblərinə görə, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-1.2-ci maddəsinin tələblərinə görə, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Mülki Məcəllənin 747-10.1-ci maddəsinə görə, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 09 yanvar 2024-cü il tarixli MAS-6169 sayli müqaviləsinə görə 526.21 manat əsas borc və 42.10 manat cərimə (dəbbə) pulu, həmçinin lizinq obyekti olan “Khazar SD” minik markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1351.28 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 42.20 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 09 yanvar 2024-cü il tarixli MAS-6169 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 525.21 manat əsas borc, 42.10 manat cərimə (dəbbə) pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1351.28 manat pulun və ödənilmiş 42.20 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar