Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-4015/2025 05.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən SM 123703 saylı, xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsi üzrə yaranmış 5247.00 manat əsas borcun, 520.00 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5767.00 manat məbləğində pulun və 77.67 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SM 123703 saylı Nisyə satış müqaviləsi və həmin müqavilənin 1 saylı Əlavəsinə əsasən cavabdehin aldığı malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq, 18 ay müddətinə, hər ayın 24-dən gec olmayaraq 311.00 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra edilməmiş, bununla da müqavilə şərtləri pozulmuşdur. Nəticədə cavabdehin SM 123703 saylı, xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsi üzrə 5247.00 manat əsas, 520.00 manat cərimə olmaqla, cəmi 5767.00.00 manat borcu yaranmışdır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı "xxxx" MMC-dən məhkəməyə ərizə daxil olmuş və həmin ərizədə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini və mülki işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddiaçı "xxxx" MMCdən 3 ədəd telefon götürdüyünü və götürdüyü telefonları ehtiyacı olduğu üçün satdığını, iddia tələbində göstərilən cərimə məbləğinin şişirdilmiş olduğunu bildirdi və iddia tələbinin qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SM 123703 saylı Nisyə satış müqaviləsi və həmin müqavilənin 1 saylı Əlavəsinə əsasən cavabdehin aldığı 5598.00 manat dəyərində malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq, 18 ay müddətinə, hər ayın 24-dən gec olmayaraq 311.00 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnın iddiaçı "xxxx" MMC-yə, xx.xx.2025-ci il tarixə SM 123703 saylı Nisyə satış müqaviləsi üzrə olan borcu 5247.00 manat əsas, 520.00 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5767.00 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki müqavilə üzrə üzrə tətbiq olunmuş 520.00 manat məbləğində cərimənin 400.00 manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 120.00 manat hissəsində isə təmin edilməlidir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5247.00 manat əsas və 120.00 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5367.00 manat borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nnin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 77.67 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5247.00 manat əsas və 120.00 manat cərimə olmaqla ümumilikdə cəmi 5367.00 (beş min üç yüz altmış yeddi) manat borc və 77.67 (yetmiş yeddi manat altmış yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-4015/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-4015/2025
05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver