Məhkəmə qərarları › İş №e-2(013)-4140/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-4140/2025

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-4140/2025 11.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 11 mart 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli SRFK6576256 saylı borc müqaviləsinə əsasən dəyəri 960 manat, xx.xx.2023-cü il tarixli SRFK6576257 saylı borc müqaviləsinə əsasən dəyəri 2500 manat, xx.xx.2023-cü il tarixli SRFK6576650 saylı borc müqaviləsinə əsasən dəyəri 5610 manat olan məişət avadanlıqlarını İddiaçı MMC-dən almışdır. Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyindən borclu qalmışdır. Cavabdeh ümumilikdə 7900 manat məbləğində əsas borcun və ödənilmiş dövlət rüsumu əvəzində 99 manat cəmi 7999 manat alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən təkrarən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli SRFK6576256 saylı borc müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə kreditlə 960 manat dəyərində məişət avadanlığı kreditə verilmişdir. xx.xx.2023-cü il tarixli SRFK6576257 saylı borc müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 20 ay müddətinə kreditlə 2500 manat dəyərində məişət avadanlığı kreditə verilmişdir. xx.xx.2023-cü il tarixli SRFK6576650 saylı borc müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə kreditlə 5610 manat dəyərində məişət avadanlığı kreditə verilmişdir. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın iddiaçıya olan borcu xx.xx.2023-cü il tarixli SRFK6576256 saylı borc müqaviləsi üzrə 640 manat, xx.xx.2023-cü il tarixli SRFK6576257 saylı borc müqaviləsi üzrə 2100 manat, xx.xx.2023-cü il tarixli SRFK6576650 saylı borc müqaviləsi üzrə 5160 manat təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında borc müqavilələri bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh müxtəlif vaxtlarda məişət əşyalarını kreditə verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə ümumilikdə 7900 manat borclu qalmaqla öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı malların dəyərini vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 7900 (yeddi min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 99 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar