Məhkəmə qərarları › İş №e-2(013)-440/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-440/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-440/2025 13.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat vurulmuş zərərin, 70 manat ödənilmiş dövlət rüsumunun, cəmi 5070 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Borsunlu-Tərtər Hindarx yolunun 68-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “QAZ 32213” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə, atlı X2 vurmuş, nəticədə sonuncu vəfat etmişdir. “QAZ 32213” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sıgorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sıgorta üzrə sıgortalınmışdır. Tərtər Rayon Məhkəməsinin 1(061)-12/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinmişdir. Bununla da vurulmuş zərərin cavabdehin təqsiri nəticəsində baş verməsi məhkəmə hökmü ilə müəyyən edilərək təsdiqini tapmışdır. xx.xx.2022-ci il tarixli ödəniş sənədlərindən görünür ki, zərərin məbləği olaraq 5000 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs (yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişmiş şəxsin yaxını) X3 ödənilmişdir. Odur ki, "xxxx" ASC-nin cavabdehdən həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ vardır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-dən məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə iddia tələbini müdafiə etdiklərini bildirərək işə onların iştirakı olmadan baxılmasını və təmin edilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında iddianı qəbul edərək, xx.xx.2020-ci il tarixdə Borsunlu-Tərtər Hindarx yolunun 68-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olduğunu, idarə etdiyi “QAZ 32213” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə, atlı X2 vurduğunu və hadisə nəticədə onun vəfat etdiyini, ona görə də onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri məhkum edilərək dörd il müddətinə azadlığdan məhrum edildiyini, cəzasının çəkib qutardığını, ona görə də "xxxx" ASC-nin ondan pul tələb etməsi tam əsasız olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan PXA ********** saylı icbari sıgorta şəhadətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sıgorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sıgorta üzrə sıgortalınmışdır. İş materiallarında olan PXA99480 Sığorta aktından görünür ki, PXA ********** saylı icbari sıgorta şəhadətnaməsi üzrə 5000 manat sığorta ödənişi X1 bank hesabına köçürçlməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxs X1 hesabına 5000 manat pul köçürülmüşdür. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 1(061)-12/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinmiş və onun barəsində 04 il müdddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi halında Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş soğortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 936.6-ci maddəsinə əsasən, həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslnadırır. Şərh olunanlara əsasən, məhkəmə sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5000 manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5000 manat məbləğində pul və ödənilmiş 70 manat dövlət rüsumu cəmi 5070 (beş min yetmiş) manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar