Məhkəmə qərarları › İş №e-2(013)-50/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-50/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-50/2025 14.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli FAT-466 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 847.77 manat gecikdirilmiş əsas, 781.22 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 584.08 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Lacetti” minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə 2654 manat məbləğində pul olmaqla cəmi 4867.07 manat borc və ödənilmiş 68.68 manat dövlət rüsumu pul məbləğinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli FAT-466 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə, 2022-ci il buraxılışlı, “Chevrolet Lacetti” minik markalı **-AG- *** dövlət qeydiyyat nişanlı, boz metalik rəngli avtomobil 28715 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə 3) əsasən Cavabdeh illik 18% hesablanmaqla 52 ay müddətə hər ay sabit məbləğ omaqla 552.20 manat ümumilikdə isə 28715 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Lacetti” minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə şirkətin müvəqqəti dayanacağına yerləşdirilmişdir. Eyni zamanda servis mərkəzi tərəfindən tərtib edilmiş qüsyr aktına əsasən avtomobilə 2654 manat dəyərində ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli FAT-466 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 847.77 manat gecikdirilmiş əsas, 781.22 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 584.08 manat dəbbə pulu olmaqla cəmi 2213.07 manat borcu yaranmışdır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı MMC-dən məhkəməyə elektron ərizə dəxil olmuş və həmin ərizəsində qeyd olunan iddia ərizəsi üzrə mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianın əsasız olduğunu, İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Lacetti” minik markalı **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobili, xx.xx.2023-cü il tarixli FAT-466 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, illik 18% hesablanmaqla 52 ay müddətə hər ay 552.20 manat, ümumilikdə isə 28715 manat ödəməyi öhdəsinə götürərək aldığını, 2024-cü ilin iyun ayında baş vermiş avto qəza nəticəsində avtomobilə zərər dəydiyini, lakin onun tərəfindən həmin avtomobili istifadə etdiyi zaman İddiaçı MMC-niə xeyli pul ödədiyini, bundan sonra İddiaçı MMC-nə heç bir pul ödəməyəcəyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli FAT-466 saylı nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2022-ci il buraxılışlı, “Chevrolet Lacetti” minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı, boz metalik rəngli avtomobil Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan Chevrolet "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, “Chevrolet Lacetti” minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranan nasazlığı aradan qaldırmaq üçün lazım olan ehtiyyat hissələrinin və texniki xidmət üzrə dəyəri ümumilikdə 2654.00 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitələrinin saxlanıca qəbulu barədə aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC şirkətinə məxsus “Chevrolet Lacetti” minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhfil-təslimi aparılmış və qabaq bufer kapot rənglənməli, qabaq sağ-sol aerobac açılıb, şit, rul dəyişməli olduğu qeyd edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 394 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin qeyd olunan lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ödənilməmiş əsas borcu 847.77 manat, 781.22 manat mükafat borcu və 584.08 manat cərimə borcu, ümümilikdə isə 2213.07 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli FAT-466 saylı “Daxili lizinq” müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımca icra etmədiyinə görə 584.08 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, tətbiq olunmuş 584.08 manat məbləğində dəbbə pulu 550.03 manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 34.05 manat hissəsində isə təmin edilməlidir. Yenə Mülki Məcəllənin 747.1-ci maddəsinin tələblərinə görə, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-1.2-ci maddəsinin tələblərinə görə, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Mülki Məcəllənin 747-10.1-ci maddəsinə görə, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli FAT-466 sayli müqaviləsinə görə 847.77 manat əsas borc, 781.22 manat mükafat və 34.05 manat cərimə (dəbbə) pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Lacetti” minik markalı **-AG- *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 2654 manat məbləğində pul olmaqla cəmi 4317.04 manat məbləğində borcu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 68.68 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 28 avqust 2023-cü il tarixli FAT-466 saylı Daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 iyun 2024-cü il tarixə 847.77 manat əsas borc, 781.22 manat mükafat, 34.05 manat cərimə (dəbbə) pulu, lizinq obyekti olan Chevrolet Lacetti minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2654 manat pulun və ödənilmiş 68.68 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar