Məhkəmə qərarları › İş №e-2(014)-108/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-108/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-108/2024 15.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabeh Ağdaş rayonu, Pirəyir kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 2335,57 (iki min üç yüz otuz beş manat, əlli yeddi qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 4147,20 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat, cəmi 6482,77 (altı min dörd yüz səksən iki manat, yetmiş yeddi qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 84,83 (səksən dörd manat manat, səksən üç qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının, ümumilikdə isə 6568 (altı min beş yüz altmış səkkiz) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməso barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Pirəyir kəndində Cavabdeh Bəhram oğluna məxsus mənzilində 11-118 saylı 27 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh Bəhram oğlunun **********01180 saylı qaz hesabında 30 oktyabr 2023-cü il tarixə ödənilməmiş 6482,77 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Həmin borcun 2335,57 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 4147,20 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1066,94 manat məbləğdəki borc Cavabdeh Bəhram oğlunun yaşadığı ünvanda xx.xx.2022-ci il tarixdə istismardan açılan G4T markalı 12526917 nömrəli sayğacın 6698 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə hesablanan 4147,20 manat məbləğ borc hissəsi Cavabdeh Bəhram oğlunun yaşadığı Ağdaş rayonu, Pirəyir kəndində yerləşən mənzilində istismarda olan smart tipli “ZENNER” G-4 markalı, **********584 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 15 fevral 2023-cü il tarixdə Cavabdeh Bəhram oğlunun yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı, **********584 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 16 fevral 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 34560 m3 (və ya 4147,20 manat) həcmində müəyyən edilmişdir. İddiaçı nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iş materiallarına əlavə olunmuş diskdə olan görüntülərlə cavabdehin təbii qazdan kənar qoşulma vasitəsi ilə istifadə etməsi öz təsdiqini tapdığını bildirdi və iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, yaşadığı evdə təbii qazdan istifadə edir və onun qazdan istifadəyə görə borcu yaranmışdır. İddiaçı əməkdaşları gələrək onun yaşayış evinə baxış keçirərkən təbii qazdan istifadə üçün kənar xətt aşkar etmişlər. Lakin o, həmin kənar xəttdən il boyu istifadə etməmişdir. Həmin borcun ona bir il üçün hesablanmasına etiraz edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı 16 fevral 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Pirəyir kəndində yerləşən istehlakçı Cavabdeh yaşadığı mənzilə 15 fevral 2023-cü il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 34560 m3 borc hesablanmışdır. İşin materiallarında olan 15 fevral 2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi müəyyən edilmişdir. İşin materiallarında olan 31 oktyabr 2023-cü il tarixli, **********01180 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2023-cü ilin oktyabr ayına qədər təbii qazdan istifadəyə görə 6482,77 manat borc hesablanmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 84,83 (səksən dörd manat, səksən üç qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Belə ki, iddiaçı iddia tələbində İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 15 fevral 2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı, **********584 nömrəli qaz sayğacına baxış keçirildiyi, baxış zamanı Cavabdeh həyətində olan yaşayış evində qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunmasının aşkar olunduğu, aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparıldığı, keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15 fevral 2023-cü il tarixli ******* saylı akt tərtib edildiyi və qaz cihazlarının inventarizasiyası aparıldığı, akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirmilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 16 fevral 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 34560 m3 (və ya 4147,20 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, aşkar edilmiş qanunsuz kənar xətt nəticəsində cavabdehə hesablanmış borc şişirdilmişdir, belə ki, dəymiş ziyan hesablanarkən hesabat müddəti 360 gün nəzərdə tutularaq cavabdehdən tələb edilən cərimə məbləği dəymiş ziyanın məbləğinə mütənasib deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək dəymiş ziyan hesablanarkən hesabat müddəti 30 günə vurulmalı, iddiaçı tərəfindən itirilmiş qazın bərpası üçün ayrılmış hesabata görə 345,60 manat borc, sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 2335,57 (iki min üç yüz otuz beş manat, əlli yeddi qəpik) manat borc və 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 2335,57 (iki min üç yüz otuz beş manat, əlli yeddi qəpik) manat borc, sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadəyə görə itirilmiş qazın bərpası üçün 15 fevral 2023-cü il tarixli ******* saylı akta əsasən aparılmış hesabata görə 345,60 (üç yüz qırx beş manat, altmış qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar