Məhkəmə qərarları › İş №e-2(014)-1087/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1087/2025

30.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1087/2025 30.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X4 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala X7 İstismar İdarəsinin ******* saylı təbbi qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən “abonentin saldosu” üzrə hesablanaraq onun **********02820 saylı abonet koduna vurulmuş 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun yaşayış sahəsinə təbii qaza görə sayğac həyətdə yox, həyət divarından çöl tərəfdə quraşdırılmış və sayğac kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməmişdir. 01 aprel 2021-ci il tarixdə Cavabdeh İB-nin X7 İstismar İdarəsinin əməkdaşları təbii qazdan istifadə ilə əlaqədar quraşdırılmış sayğacı istismar müddəti başa çatdığını bildirərək sayğacı yenisi ilə əvəz etmişlər və əvvəlki sayğacı özləri ilə aparmışlar. 2024-cü ilin may ayı üzrə sərfiyyata dair bildiriş-xəbərdarlığı aldıqda onun **********02820 saylı abonent koduna 777,60 manat əlavə borc yazılması məlum olmuşdur. O, bütün bunların səbəbini öyrənmək üçün cavabdeh idarənin Ağdaş XS-nə müraciət etmiş və ona əməkdaşlar tərəfindən istifadəsində olan sayğaca tərəfindən müdaxilə edilməsi bildirilmişdir. Halbuki, sayğaca baxış keçirən əməkdaşlar ona sayğacın istismar müddəti keçdiyinə görə yenisi ilə əvəz etdiklərini bildirmişlər. Tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Sayğac həyətin küçə hissəsində quraşdırıldığından qanunvericiliyin tələbinə görə həmin sayğacın normal işləməsinə və qanunsuz müdaxiləyə görə cavabdeh orqan məsuliyyət daşıyır. İtirilmiş qazın hesablanmasına dair cavabdeh orqan tərəfindən tərtib edilmiş saldodan görünür ki, əsassız olaraq cavabdeh orqan itirilmiş qaza görə 777,60 manat hesablayaraq onun **********02820 saylı abunə koduna vurulmuşdur. Cavabdeh əməkdaşları onlara verilmiş hüquqlardan sui istifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh nümayəndəsi X3 iddia tələbinə olan etirazını məhkəməyə ünvanlayaraq bildirmişdir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********02820 saylı qaz hesabında 786,83 manat borc vardır. Həmin borcun 777,60 manat hissəsi itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı, 10275261 nömrəli qaz sayğacının növbəti dövlət yoxlamasından keçirilməsi məqsədilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 13755454 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə qaz sayğacının yoxlanılması barədə xx.xx.2024-cü il tarixli, MS-0604 №-li aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olundu (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının nümayəndəsinin iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib etmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmaqla onun miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 6480 m3 (və ya 777,60 manat) həcmində müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, işdə olarkən yaşayış evinə quraşdırılmış qaz sayğacının 5 illik müddətinin bitməsi səbəbin sayğacın dəyişdirilməsinə dair zəng gəlmiş, o da dərhal yaşadığı evə gəlmişdir. Qaz sayğacına baxış keçirilmiş və borcun olmaması müəyyən olunmuşdur. Bundan sonra Cavabdeh nümayəndələri tərəfindən sayğacın plomu qırılmış və götürüldükdən sonra yeni qaz sayğacı quraşdırılmışdır. Daha sonra onun mobil telefonuna Cavabdehnə borcunun olmasına dair SMS bildirişi gəlmişdir. Borcu araşdırarkən ona məlum olmuşdur ki, sayğaca müdaxilə olunmuşdur. Sayğac həyətindən kənarda küçədə quraşdırılmış, tərəfindən heç bir müdaxilə olunmamışdır. Odur ki, Cavabdeh tərəfindən onun abonent koduna hesablanmış borc əsassızdır. Qeyd olunanların nəzərə alınıb iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Kükəl kəndində yerləşən istehlakçı İddiaçı yaşadığı mənzildə qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi 6480 m3 təşkil edir. xx.xx.2025-ci il tarixli, **********02820 saylı abonentin saldosundan görünür ki, abonent İddiaçı 2024-cü ilin dekabr ayına qalıq və aktlar üzrə 777,60 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı iddia tələbində Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2024cü tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində olan G4 markalı, 10275261 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur. Keçirilmiş baxış zamanı aşkarlanan pozuntuya dair təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmış, akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 6m3 sutkalıq iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 6480 m3 (və ya 777,60 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə isə xx.xx.2024-cü il tarixli, ******* saylı Aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aidiyyəti quruma və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mənzili qaz ilə təhciz edilib, qazdan istifadəsi üçün quraşdırılmış sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmış, sayğac müdaxilələrdən qorunması üçün müvafiq örtüklə örtülməmişdir. Məhkəmə hesab edir ki, mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə müəyyən edilən məbləğ abonentdən tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İB-nin X7 İstismar İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən **********02820 saylı abonent koduna yazılmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat silinməli, iş üzrə 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB-nin X7 İstismar İdarəsi tərəfindən 29 may 2024-cü il tarixli, ******* saylı akta əsasən **********02820 saylı abonent koduna yazılmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat borc silinsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar