Məhkəmə qərarları › İş №e-2(014)-1118/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1118/2024

06.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1118/2024 06.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısının bir tipli xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən elektrik enerjisindən istifadə nəticəsində xx.xx.2024-cü il tarixə 2174,34 manat məbləğində borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən məişət abonenti ilə enerji təchizatı müəssisəsi arasında elektrik enrjisinə görə hesablaşma dövrü 1 ay müəyyən edilir. Əgər göstərilən müddət ərzində məişət abonenti tərəfindən elektrik enrjisinin dəyəri ödənilməzsə həmin evə verilən elektrik enerjisinin təchizatı dayandırılmalıdır. Həmçinin həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında elektrik enerjisindən istifadə mübahisəli məsələlər yatardıqda, enerji təchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər. Cavabdeh yaşadığı Ağdaş rayonu, Qaradeyin kəndində yaşadığı fərdi evinə enerji təchizatə müəssisəsinin əməkdaşı (nəzarətçi mühəndis) tərəfindən hər ay istehlakçıları elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəriciləri məsafədən “mini kompüter” vasitəsi ilə oxunur və istehlakçıya ay ərzində istehlak edilmiş elektrik enerjisinin miqdarı və dəyəri, ümumi borcu göstərilən “bildiriş-xəbərdarlıq” təqdim edilir. Lakin buna baxmayaraq onun tərəfindən göstərilən məbləğ bu günə kimi ödənilməmiş və qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsası: tərəflər arasında bağlanmış müqavilə, abonent haqqında məlumatdan (invoys) ibarətdir. Göstərilənlərə əsasən Cavabdeh 2174,34 manat borc və ödənilmiş 41,75 manat pul alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsində göstərilənlərin əsassız olduğunu bildirərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştrakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin materiallarında olan 24 oktyabr 2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə bağlanmışdır. İşin materiallarında olan AKT R № 191034 nömrəli, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə verilən elektrik enerjisinin sayğacına baxış keçirilən zaman akt tərtib edilmiş, həmin akt "xxxx" ASC-nin əməkdaşları tərəfindən imzalanmışdır. Həmin aktda qeyd edilmişdir ki, abonent sayğacdan kənar qanunsuz xətt çəkərək istifadə edir. İşin materiallarında olan AKT R № 245180 nömrəli, xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə verilən elektrik enerjisinin sayğacına baxış keçirilən zaman akt tərtib edilmiş, həmin akt "xxxx" ASC-nin əməkdaşları tərəfindən imzalanmışdır. Həmin aktda qeyd edilmişdir ki, abonent sayğacdan kənar qanunsuz xətt çəkərək istifadə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qeyd olunan Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Həmçinin, Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi elektrik enerjisindən istifadə qaydalarının pozulması hallarına yol verildiyi bu barədə akt tərtib edilməli, həmin akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. Əgər istehlakçı aktı imzalamaqdan imtina edərsə, bu barədə aktda müvafiq qeyd aparılmalı və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. Hazırkı halda isə akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamış "xxxx" ASC-nin isə iddia etdiyi yol verilmiş pozuntunu qanuna müvafiq qaydada texniki vasitələrlə qeydə almamışdır. Əksinə tərtib edilmiş akt «Azərişıq” ASC-nin öz əməkdaşları tərəfindən imzalanmışdır ki, onlar iddiaçı təşkilatın maraqlarından çıxış etdikləri üçün həmin aktla müəyyən edilmiş halın həqiqiliyini təsdiq edə bilməzlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 14 aprel 2022-ci il tarixədək qüvvədə olan redaksiyasının 8.33-cü bəndində təsbit olunmuşdur ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, işin materiallarından müəyyən olunur ki, "xxxx" ASC-nin tərtib etdiyi aktlar 2021-ci ilədək olan dövr ərzində tərtib olunduğundan və həmin dövrdə qüvvədə olan qaydalara əsasən hal şahidinin iştirakı məcburi olmasına baxmayaraq, hal şahidləri aktları imzalamamışlar. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarından da göründüyü kimi sayğac küçədə quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşıya bilməz. Bundan başqa, iddiaçı tərəfindən abonentin qanunsuz olaraq elektrik xəttinə qoşulmasına dair aktlar tərtib olunsa da, bu barədə inzibati tənbeh tətbiq edilməsi və məhz cavabdehin təqsirli olmasını təsdiq edən inzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, abonent smart kart tipli sayğac vasitəsilə əvvəlcədən ödəniş etməklə elektrik enerjisindən istifadə etdiyindən, ona hesablanmış borc məbləği elektrik enerjisindən istifadə ilə bağlı yarana bilməz və aktlar üzrə hesablanmış borclardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Buna görə də "xxxx" ASC tərəfindən abonentə 2174,34 manat borc hesablanmasına baxmayaraq, borc əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar