Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1275/2025 20.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 487 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 517 (beş yüz on yeddi) manat pulun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 14 iyun 2021-ci il tarixli, ADK5930031 saylı borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən 12 ay müddətinə 634 manat dəyərində Samsung Galaxy A51 markalı mobil telefon, 12 noyabr 2021-ci il tarixli, ADK5930779 saylı borc müqaviləsinə əsasən 24 ay müddətinə 250 manat dəyərində Riffelcr 2250 markalı qızdırıcı əldə etmişdir. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 487 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün hesab etmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 14 iyun 2021-ci il tarixli, ADK5930031 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh Samsung Galaxy A51 markalı mobil telefon almışdır. 12 noyabr 2021-ci il tarixli, ADK5930779 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh Riffelcr 2250 markalı qızdırıcı almışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı alıcıya ümumi dəyəri 634 manat olan Samsung Galaxy A51 markalı mobil telefon təhvil vermişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli təhviltəslim aktından görünür ki, satıcı alıcıya ümumi dəyəri 250 manat olan Riffelcr 2250 markalı qızdırıcı təhvil vermişdir. İddiaçı MMC tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 iyun 2021-ci il tarixli, ADK5930031 saylı və 12 noyabr 2021-ci il tarixli, ADK5930779 saylı müqavilələr üzrə ödənişlər etdikdən sonra onun İddiaçı MMC-yə olan borcu 487 (dörd yüz səksən yeddi) manat təşkil edir. Mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2021-ci il tarixli, ADK5930031 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən 12 ay müddətinə 634 manat dəyərində Samsung Galaxy A51 markalı mobil telefon, 12 noyabr 2021-ci il tarixli, ADK5930779 saylı müqaviləyə əsasən 24 ay müddətinə 250 manat dəyərində Riffelcr 2250 markalı qızdırıcı almış, Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-nə ümumilikdə 487 (dörd yüz səksən yeddi) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə (müqavilə bağlandığı dövürdə qüvvədə olan) əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə (müqavilə bağlandığı dövürdə qüvvədə olan) əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14 iyun 2021-ci il tarixli, ADK5930031 saylı və 12 noyabr 2021-ci il tarixli, ADK5930779 saylı müqavilələr üzrə 487 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 517 (beş yüz on yeddi) manat pul alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 14 iyun 2021-ci il tarixli, ADK5930031 saylı və 12 noyabr 2021-ci il tarixli, ADK5930779 saylı müqavilələr üzrə 487 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 517 (beş yüz on yeddi) manat pul alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-1275/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1275/2025
20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver