Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1376/2022 21.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, xx.xx.2021-ci il tarixli RAZ**********№-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Renault Megane minik markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində Bakı şəhəri ərazisində ** CB *** dövlət qeydiyyat nişanlı BMW 316 markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 327.6-cımaddəsi ilə xx.xx.2022-ci qərar yazılmışdır. BMW 316markalı, ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 3800 (üç min səkkiz yüz) manat ödənişi verilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını iştrakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh hadisə təqsirinin olduğunu, zərərin məbləği ilə razılaşdığını, lakin həmin məbləği birdəfəyə ödəmək imkanı olmadığından sığorta şirkətinin ona vaxt verməsi üçün danışıqlar aparmaq istədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Renault Megane” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İşin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, AKT528/22 saylı sığorta aktından görünür ki, Cavabdeh məxsus “Renault Megane” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobil “BMW 316“ markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə toqquşmuşdur. Nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 3800 manat sığorta ödənişi hesablanmışdır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli, 005XOH********** saylı ödəniş tapşırığından görünür ki, AKT528/22 saylı akta əsasən X1 hesabına 3800 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, zədələnmiş “BMW 316“ markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 3800 manat həcmində olması müəyyən edilmişdir. İşin materiallarında olan 24 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, Cavabdeh əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə və İXM-in 327.1 və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilməsidən ötrü qərarın surəti Nizami RPİ-nin DYPŞ-ə göndərilməsi barədə qərar qəbul edilmişdir. İşin materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, “Renault Megane” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, ehtiyatsızlıqdan işıqforun qırmızı işığında dayanan “BMW 316“ markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuş, zərbədən “BMW 316“ markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil qabağa atılıb qarşısında dayanan “Mersedes” markalı abtomobilə çırpılmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 58 (əlli səkkiz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Renault Megane” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq “BMW 316“ markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sığortalı avtomobilin sahibinə 3800 manat maddi ziyan vurulmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, nəticədə Cavabdeh subroqasiya qaydasında 3800 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində sığorta ödənişi və 58 (əlli səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində sığorta ödənişi və 58 (əlli səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-1376/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1376/2022
21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver