Məhkəmə qərarları › İş №e-2(014)-1407/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1407/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1407/2023 06.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı X4, Cavabdeh, onun vəkili X1 iştirakları ilə İddiaçı X4 cavabdehlər Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ödənilən 15000 manat pulun alıcıya geri qaytarılmaqla müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin satıcının mülkiyyətinə geri verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ödənilən 15000 manat pulun alıcıya geri qaytarılmaqla müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin satıcının mülkiyyətinə geri verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 mart 2018-ci il tarixində notarial qaydada Cavabdeh ilə AN-İ№ ******* saylı alqı-satqı müqaviləsi bağlamışlar. Onunla alıcı arasında olan razılaşmaya əsasən cavabdeh əvvəlcə torpağın üstündə olan mülkü, yəni 25 kv.m qeyri-yaşayış sahəsini (mağaza) almış, torpaq sahəsi iddiaçının adına tam rəsmiləşdikdən sonra isə qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsini də satın alaraq öz adına keçirməli idi. Lakin cavabdeh onun mülkiyyətində olan 32,9 kv.m torpağın üzərində yerləşən və xx.xx.2018-ci il tarixli alqı-satqı Müqaviləsi ilə öz adına keçirdiyi 25 kv.m qeyri-yaşayış sahəsinin (mağaza) yerləşdiyi 32,9 kv.m olan torpaq sahəsini almaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. Bu yetməmiş kimi həmin qeyri-yaşayış sahəsinə bitişik olan 22 kv.m ölçüdə olan yardımçı tikilidən də icarə haqqı vermədən istifadə etmişdir. Bununla da onların arasında çoxsaylı məhkəmə mübahisələri olmuş, sonunda Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-361/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsi iddia tələbinin cavabdehdən 22 kv.m mağazaya görə tələb edilən icarə haqqı və cavabdehin həmin mağazadan çıxarılması hissəsində ləğv edilmiş, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilmişdir. Bununla da cavabdehdən ünvan 1 ünvanında yerləşən 22 kv/m mağazadan istifadə etdiyinə görə aylıq 200 manat olmaqla ümumilikdə 29 ay üçün 5800 manat icarə haqqının tutulması və Cavabdeh qanunsuz zəbt edilmiş ünvan 1 ünvanında yerləşən 22 kv.m qeyri yaşayış sahəsindən məcburi çıxarılması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-4233/2022 saylı Qərarı ilə qüvvəsində saxlanılmışdır. Bütün bu məhkəmə çəkişmələrinin səbəbi isə qeyd etdiyi kimi cavabdehin ona söz verərək almadığı mağazanın altında yerləşən torpaq sahəsinin dəyərini ödəyərək almaması olmuş, o, dəfələrlə ona mağazanı demişdir ki, “mağazanın altındakı torpaq sahəsi onun mülkiyyətində olmasına baxmayaraq o, oradan istifadə edə bilmir, söz verdiyi kimi ya mağazanın altındakı torpaq sahəsini də alsın, ya da alqı-satqını ləğv edək mağazanı pulunu geri qaytararaq mülkiyyətinə qaytarsın”. Lakin cavabdeh daha əvvəl ona söz verərək torpağı alacağını bildirsə də, daha sonra onu aldatdığını, məhkəmədə iddalarını geri götürməsi üçün, yeni iddia ərizəsi verməməsi üçün onu yola verdiyinin şahidi olmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Əvvəl torpaq onun adına qeydə alınmadığından məhkəmələrdə qaldırdığı iddiaları nəticəsiz yarımçıq qalmış, iddialarının uğursuz olacağından ehtiyyat edərək iddia ərizələrini geri götürmüş, lakin torpaq sahəsi özünün adına xx.xx.2023-cü ildə qeydə alındıqdan sonra da cavadbeh mağazanın altındakı torpaq sahəsini almaqdan imtina etmişdir. Onun mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsi cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi olan mağazanın həmin torpaq sahəsində yerləşməsidir. Bu səbəbdən mülkiyyət hüquqlarından istifadə edə bilmək və əmlakında sahiblik etmək üçün məhkəməyə müraciət etmişdir. Onun mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Cavabdeh də çox yaxşı bilir ki, mağaza onun mülkiyyətində olduğu halda o, həmin torpaq sahəsindən istifadə edə bilməyəcəyək. Bu səbəbdən də torpağı almaqdan imtina etməkdədir, lakin bu qanuni və doğru deyil, torpağın sənədləşmə işləri ilə əlaqədar onun adına gec qeydə alındığından o, əvvəlcə adına Əmlak Komitəsi tərəfindən qeydə alınan mağazanı cavabdehə satmış və şərtləri bu olub ki, cavabdeh mağazanı aldıqdan sonra torpağın sənədləri onun adına keçdikdə torpağı da ondan alacaq. Lakin o, bundan imtina etməkdədir və o, özü qanunun tələbinə müvafiq olaraq dəyərini ödəməklə almadığı tikilinin altındakı torpaq sahəsindən qanunsuz əsas olmadan istifadə edir. Qeyd edilən səbəbdən də cavabdehlə aralarında 28 mart 2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın Alqı- Satqı Müqaviləsinin etibarsız hesab edilməsi, həmin Müqavilə üzrə cavabdeh tərəfindən ona ödənilən 15000 manat pulun Cavabdeh geri qaytarılmaqla ona satılan 32,9 kv.m torpaq sahəsində yerləşən 25 kv.m qeyri-yaşayış sahəsi olan mağazanın onun mülkiyyətinə geri qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən Ağdaş rayon dövlət notariat ofisində 28 mart 2018-ci il tarixdə bağlanmış AN-İ№ ******* saylı Daşınmaz əmlakın Alqı-Satqı Müqviləsi etibarsız hesab edilməklə, həmin Müqavilə üzrə alıcı hazırki işdə Cavabdeh tərəfindən ona ödənilən 15000 manat pulun ona geri qaytarılması və Cavabdeh satılan 32,9 kv.m torpaq sahəsində yerləşən 25 kv.m qeyri-yaşayış sahəsinin (mağazanın) onun mülkiyyətinə geri qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ödənilən 15000 manat pulun alıcıya geri qaytarılmaqla müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin satıcının mülkiyyətinə geri verilməsini tələb etdiyi mağazanı alqı-satqısına dair aralarında 28 mart 2018-ci ildə notarial qaydada təsdiq olunmaqla bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia qaldırmışdır. İddiaçının iddiası əsassızdır. Belə ki, iddiaçıdan həmin sözügedən mağazını və qeyri-yaşayış sahəsini 60000 manata almış, həmin puldan 50000 maanat iddiaçıya ödəmişdir, Alqı-satqı müqaviləsi bağlanan zaman həmin obyektin sənədləri olmadığından adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Sonradan İddiaçı həmin qeyri-yaşayış sahəsini adına rəsmiləşdirdiyi üçün alqı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsinin mülkiyyətinə verilməsinə dair Çıxarış almışdır. Bir müddətdən sonra İddiaçı ona qarşı sözügedən mağazadan məcburi çıxarılmağına dair iddia ilə məhkəməyə müraciət etmiş və onun ünvan 1 ünvanda yerləşən mağazadan çıxarılmağını tələb etmişdir. O, həmin qeyri-yaşayış sahəsini almaq üçün ödəniş edərək adına rəsmiləşdirdiyindən iddiaçının iddiası tam əsassızdır. Buna görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 küçəsində yerləşən 25 kv.m qeyri-yaşayış sahəsində torpaq sahəsinin 0,00329 ha hissəsi X4 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış, qeyri yaşayış sahəsi tam Cavabdeh mülkiyyətinə verilmiş, xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Əmlakını idarə edilməsi üzrə dövlət komitəsi özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamənin surətindən görünür ki, X2 şəhəri, 20 Yanvar küçəsi 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 32,9 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, iddiaçı X2 şəhəri, 20 Yanvar küçəsi 2 ünvanında yerləşən 25 kv.m mülkü Cavabdeh satmışdır. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 07-49/21 nömrəli, 29 iyun 2021-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 41,6 kv.m ümumi sahəsi olan tikilinin X6 və Cavabdeh arasında, naturada təcrid şəklində bölünməsi (ayrılması) İnşaat Norma və Qaydalarının və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən bölünməsi mümkündür. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-1050/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı “Əmlakın (mağazanın) məcburi çıxardılması) tələbinə dair iddiası təmin edilməmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)- 77/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdan-mağazadan məcburi çıxardılması tələbinə dair iddiası təmin edilməmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6585/2021 saylı qərarından görünür ki, iddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1237/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-361/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsi iddia tələbinin cavabdehdən 22 kv.m mağazaya görə tələb edilən icarə haqqı və cavabdehin həmin mağazadan çıxarılması hissəsində ləğv edilməsi, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi həmin hissədə qismən təmin edilməsi, cavabdehdən ünvan 1 ünvanında yerləşən 22 kv.m mağazadan istifadə etdiyinə görə aylıq 200 (iki yüz) manat olmaqla ümumilikdə 29 (iyirmi doqquz) ay üçün 5800 (beş min səkkiz yüz) manat icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh qanunsuz zəbt edilmiş ünvan 1 ünvanında yerləşən 22 kv.m qeyri yaşayış sahəsindən məcburi çıxardılması qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4233/2022 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-361/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı mülkiyyətində olan əmlakı satmışdır. Hazırda iddiaçı bildirir ki, həmin əmlakın yanında başqa torpaq sahəsi də mövcuddur və cavabdeh oranı ödəniş edib almadığı üçün əvvəlki satılmış yer də ona qaytarılmalıdır. Eyni zamanda, bildirir ki, onların şifahi razılığı da bu qaydada olmuşdur. Cavabdeh isə bildirir ki, iddiaçının mülkiyyətində olan əmlakı almış və bunun dəyərini ödəmişdir. Onlar arasında başqa əlavə razılıq olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd olunanlardan başqa, işin halları ilə müəyyən edilir ki, iddiaçı alqı-satqı müqaviləsinin tərəfi olmuş, müqavilənin nüsxəsi ona təqdim edilmiş və məzmunu notarius tərəfindən də izah edilmişdir. Buna baxmayaraq, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Belə olan halda həmçinin müəyyən edilir ki, qanunvericiliklə müəyyən edilmiş bir illik kəsici müddət də iddia verilərkən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur”. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göründüyü kimi, iddiaçı əqdin etibarsızlığını tələb etsə də, əqdi etibarsız hesab etmək üçün heç bir hüquqi əsas mövcud deyil. Cavabdehin onun mülkiyyətində olan başqa torpaq sahəsini almaması isə əvvəlki əqdin etibarsızlığının əsası ola bilməz. Bundan başqa, iddiaçı əqdi mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş kəsici müddəti də buraxmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X4 cavabdehlər Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ödənilən 15000 manat pulun alıcıya geri qaytarılmaqla müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin satıcının mülkiyyətinə geri verilməsi tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ödənilən 15000 manat pulun alıcıya geri qaytarılmaqla müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin satıcının mülkiyyətinə geri verilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar