Məhkəmə qərarları › İş №e-2(014)-1583/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1583/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1583/2025 04.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ilə xx.xx.2025-ci il tarixdə bağlanmış VİP 19839 saylı nisyə alqısatqı müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2025-ci il tarixdə bağlanmış VİP 19839 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 1228,60 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 307 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 1535,60 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 47 manat pulun müştərək qaydada İddiaçı MMC-nin xeyrinə xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 ilə xx.xx.2025-ci il tarixdə bağlanmış VİP 19839 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1440 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 1440 ABŞ dolları) «Apple i phone 15 Pro Max İTB» markalı İ (bir) ədəd mobil telefonu ödəniş qrafıkinə əsasən nisyə satmışdır. Cavabdeh2 ilə xx.xx.2025-ci il tarixdə bağlanmış VİP 19839 saylı nisiyə alqı-satqı müqaviləsinə tarixində zamin durmuşdur. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 211,40 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizədə İddiaçı MMC-nin direktoru T.Mahmudov mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, “iphone 15 pro max” modelli telefonu İddiaçı MMC-dən alması zamanı alqısatqı müqaviləsi onun adına rəsmiləşdirilsə də faktiki olaraq həmin telefonu tələbə yoldaşı olan və müqavilə üzrə zamin durmuş Cavabdeh2 üçün götürmüş, həmin şəxsə təhvil vermiş, o da ödənişləri özü edəcəyini bildirmişdir. Belə ki, həmin vaxt Cavabdeh2 özünün rəsmi iş yeri olmadığından alqı-satqı müqaviləsi Cavabdeh1 adına rəsmiləşdirilmiş, Cavabdeh2 da zamin olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsi üçün məhkəmə tərəfindən tədbirlər görülmüş, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, VİP 19839 nömrəli nisyə alqısatqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında bağlanılmış bu müqaviləyə əsasən ilkin 211 ABŞ dolları ödənilməklə 1440 ABŞ dolları dəyərində «Apple iphone 15 Pro Max İTB» markalı telefon satıcı tərəfindən alıcıya satılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, VİP 19839 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, VİP 19839 nömrəli nisyə alqı-satqı müqaviləsi Cavabdeh2 zaminliyi ilə təmin edilmişdir. İşdə olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 ilə bağlanmış xx.xx.2025-ci il tarixli, VİP 19839 nömrəli nisyə alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə bağlanmış xx.xx.2025-ci il tarixli, VİP 19839 nömrəli zaminlik müqavilələri üzrə ödənilməmiş borcu 1228,60 ABŞ dolları əsas (qalıq) borc və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 307 ABŞ dolları cərimə, cəmi 1535,60 ABŞ dolları borc təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddiaçı ilə cavabdehlər arasında mövcud olan müqavilə münasibətləri üzrə öhdəliklərin yerinə yetirilmədiyi müəyyən edildiyindən, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2025-ci il tarixli, VİP 19839 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1228,60 ABŞ dolları, cərimə məbləği isə azaldılmaqla cərimə qismində 20 ABŞ dolları, cəmi 1248,60 ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 41,23 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixli, VİP 19839 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1228,60 ABŞ dolları (min iki yüz iyirmi səkkiz dollar altmış sent), cərimə qismində 20 (iyirmi) ABŞ dolları, cəmi 1248,60 ABŞ dolları (min iki yüz qırx səkkiz dollar altmış sent), ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 41,23 manat (qırx bir manat iyirmi üç qəpik) məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar