Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1613/2025 04.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin əvəzi qismində 430 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2(014)-1613/2025 nömrəli qərardadına əsasən mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “X7” markalı, 90GY292 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli, PSS**********-2 №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən həmin cəmiyyətdə sığortalanmışdır. Cavabdeh (bundan sonra Cavabdeh) xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, 7 nömrəli məktəbin qarşısındakı ərazidə həmin avtomobili idarə edərkən “Toyota Prius” markalı, 99UJ728 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmiş və hadisə yerindən yayınmışdır. Bakı şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Bakı şəhər DYPİ polis kapitanı X3 xx.xx.2022-ci il tarixli, ******* saylı X4 protokolundan görünür ki, 2022-ci ilin 19 sentyabr tarixində saat 15:35 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, 7 nömrəli məktəbin qarşısındakı ərazidə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Toyota Prius” markalı, 99UJ728 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı xx.xx.2022ci il tarixli Qüsur aktına əsasən qiymətləndirilərək 430 (dörd yüz otuz) manat məbləğində müəyyən edilmişdir.xx.xx.2022-ci il tarixli İ-2160/22 saylı sığorta ödəniş aktına və xx.xx.2022-ci il tarixli **********4 saylı ödəniş tapşırığına əsasən 430 (dörd yüz otuz) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Faydalanan şəxsə ödənilmiş 430 (dörd yüz otuz) manat məbləği Cavabdeh tərəfindən cəmiyyətə qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2025-ci il tarixli, 143 saylı pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin «Elektron məhkəmə» informasiya sistemində olan elektron kabineti vasitəsilə məhkəməyə daxil olmuş ərizədə mülki iş üzrə iddianın müdafiə edildiyi göstərilməklə, bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək iş üzrə yekun məhkəmə qərarı çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında və etiraz ərizəsində cavabdeh iddianı qəbul etməyərək, mülkiyyətində olan “Hyundai SantaFe” markalı, 90GY292 dövlət qeydiyyat nişanlı avtomobilinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalandığını, xx.xx.2022-ci il tarixdə Səbail rayonunda yerləşən 7 №-li məktəbin qarşısında idarə etdiyi «X8» markalı 90GY292 dövlət qeydiyyat nişanlı avtomobili parklanma edərkən «Toyota Prius» markalı 99UJ728 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun avtomobilinin sağ tərəfindən keçərkən ara məsafə saxlamadığından avtomobillərin təkərlərinin toxunduğunu, hər iki avtomobilə baxış keçirildiyini, heç birində zədə olmadığını, «Toyota Prius» markalı 99UJ728 dövlət qeydiyyat nişanlı avtomobilə heç bir ziyan vurulmadığını, hadisə yerindən yayınmadığını, avtomobilinin saat yarım həmin ərazidə qalmasını, hətta həmin vaxt barəsində X4 protokol tərtib edilərkən polis şöbəsində izahat verərkən də bu barədə etiraz etdiyini, lakin sonradan barəsində inzibati qaydada cərimə tətbiq edildiyindən məcbur olub həmin cəriməni ödədiyini, «Toyota Prius» markalı avtomobilə zərər vurulması ilə bağlı materiallara əlavə edilmiş şəkillərin hadisə yerində yox hansısa başqa yerdə çəkildiyini, bununla da guya onun tərəfindən həmin avtomobilə ziyan vurulmasının həqiqət olmadığını bildirmişdir.Sonda cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə» arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:35-də Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermiş, hadisənin baş verməsində «X8» markalı 90GY292 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və idarə edən Cavabdeh təqsirli olmuş, sürücü barəsində inzibati icraat başlanılmış, hadisə nəticəsində X2 məxsus «Toyota Prius» markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli X4 protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 15:35-də «X8» markalı 90GY292 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli yekun aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində «Toyota Prius» markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərlə bağlı dəmirçi-armaturçu (sol arxa qanad, sol arxa qapı), rəngsaz (sol arxa qanad, sol arxa qapı, qalpaq) və razval xidmətlərinin dəyəri 430 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İ-2160/2022 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermiş, «X8» markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobillə «Toyota Prius» markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və « Toyota Prius» markalı 99UJ728 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 430 manat təşkil etməklə, aktın üzərinə vurulmuş “Ödənilib” qrifinə əsasən həmin akt üzrə ödəniş edilib. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, sığorta ödənişi olan 430 manat məbləğində pul "xxxx" ASC tərəfindən köçürmə yolu ilə X1 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 143 nömrəli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh dəymiş zərərin əvəzinin könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi Cavabdeh qanunazidd hərəkətlərinin nəticəsində baş vermişdir. Hadisə zamanı «Toyota Prius» markalı 99UJ728 dövlət qeydiyyat nişanlı avtomobilə 430 manat məbləğində zərər dəymiş və dəymiş zərər iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin zərərvuran şəxslərə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, əmlak sığortası üzrə sığorta ödənişini etmiş sığortaçıya, yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, ödənilmiş sığorta ödənişinin əvəzi qismində 430 (dörd yüz otuz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat, cəmi 460 (dörd yüz altmış) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №e-2(014)-1613/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1613/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver