Məhkəmə qərarları › İş №e-2(014)-1633/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1633/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1633/2025 08.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 548,94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 54,89 manat cərimə, ümumilikdə 627,43 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabeh Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddia ərizəsində göstərmişdir ki, cavabdeh ilə arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən X1 2 İl xidməti, Paket L xidməti, İMEİ KODU **********01624 X2 13 markalı telefon almış və nəticədə 627,43 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 608,94 manat (yəni 18 ay x 33.83 manat + 0 manat ilkin ödəniş) olan X1 2 İl xidməti, Paket L xidməti, İMEİ KODU **********01624 X2 13 markalı telefon üçün ümumilikdə, 627,43 manat olmaqla ondan 548,94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 54,89 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 60 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad çıxarmışdır. «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Elektron poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə Cavabdeh məhkəməyə ərizə ilə müracət edərək iddia tələbi ilə razı olduğunu və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, 542058 nömrəli müqavilənin əlavəsinin və təhvil təslim aktının surətindən görünür ki, Cavabdeh ilkin 0 manat ödəməklə 18 ay ərzində hissə-hissə ödəmək şərtilə X2 13 markalı telefonu və 11 adda digər əşya və xidmətləri cəmi 608,96 manat məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya və xidmətlər xx.xx.2025-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı MMC-yə borcu barədə Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 60 manat məbləğində ödəniş etmiş, ödənilməmiş əsas borcu 548,94 manat, cərimə borcu 54,89 manat, innovativ layihələr mərkəzinə görə borcu 23,6 manat təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə İddiaçı MMC tərəfindən xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdehnun İddiaçı MMC-yə alqı-satqı müqaviləsi üzrə əsas borcun əvəzi qismində cəmi 548,94 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 54,89 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa İddiaçı MMC İnnovativ Layihələr mərkəzinə ödənilən rüsumun əvəzi qismində 23 manat 60 qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsini tələb etsə də konkret olaraq yuxarıda göstərilən müqavilələr üzrə rüsum ödənilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 548,94 manat, cərimə qismində 5 manat, cəmi 553,94 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edildiyi hissəsinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 548,94 manat (beş yüz qırx səkkiz manat doxsan dörd qəpik), cərimə qismində 5 (beş) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat, cəmi 583,94 manat (beş yüz səksən üç manat doxsan dörd qəpik) məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar