Məhkəmə qərarları › İş №e-2(014)-1750/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1750/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1750/2023 28.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki,19 may 2019-cu il və 11 avqust 2019-cu il tarixlərində Cavabdeh (bundan sonra "Alıcı" adlandırılacaq) ilə aralarında RSK5722437 nömrəli və RSK5722825 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə görə RSK5722437 nömrəli müqavilə üzrə 175 manat dəyəri olan 1 ədəd "Riffel" markalı sokçəkən və RSK5722825 nömrəli müqavilə üzrə 1436 manat dəyəri olan 1 ədəd "Beko" markalı soyuducu və 1 ədəd "Riffel" markalı mini Alıcıya hissəhissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı RSK5722437 nömrəli müqavilə 7 manat ilkin ödəniş olmaqla, qalan 168 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 7 manat olmaqla, hər ayın 18-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Həmçinin Alıcı RSK5722825 nömrəli müqavilə üzrə 20 manat ilkin ödəniş olmaqla, qalan 1416 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 59 manat olmaqla, hər ayın 10-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişini gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun RSK5722437 nömrəli müqavilə üzrə 79 manat əsas, 24 manat dəbbə pulu olmaqla, cəmi 103 manat: RSK5722825 nömrəli müqavilə üzrə 934 manat əsas, 280 manat dəbbə pulu olmaqla, cəmi 1214 manat borcu yaranmışdır. Alıcı tərəfindən RSK5722437 nömrəli, 19 may 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 5 manat ödəniş və RSK5722825 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 10 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RSK5722437 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh 24 ay müddətinə hər ay 7 manat və 7 manat ilkin ödəniş ödənilməsi şərti ilə 168 manat qiyməti olan "Riffel" markalı sokçəkən almışdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RSK5722825 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh 24 ay müddətinə hər ay 59 manat və 20 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1416 manat qiyməti olan Beko markalı soyuducu və "Riffel" markalı mini soba almışdır İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RSK5222437 nömrəli alqı-satqı müqaviləyə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə ümumi borcu 103 (yüz üş) manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RSK5722825 saylı və müqaviləyə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə ümumi borcu 1214 (min iki yüz on dörd) manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş 12 oktyabr 2023-cü il tarixli, pretenziya məktubundan görünür ki, İddiaçı borcalana xx.xx.2019-cu il tarixli, RSK5722437 nömrəli və xx.xx.2019-cu il tarixli, RSK5722825 nömrəli alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 34 (otuz dörd) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RSK5722437 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh 24 ay müddətinə hər ay 7 manat və 7 manat ilkin ödəniş ödənilməsi şərti ilə 175 manat qiyməti olan "Riffel" markalı sokçəkən vermiş, müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə cavabdehin İddiaçı ümumilikdə 103 (yüz üç) manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RSK5722825 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh 24 ay müddətinə hər ay 59 manat və 20 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1416 manat qiyməti olan "Beko" markalı soyuducu və 1 ədəd "Riffel" markalı mini soba vermiş, müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə cavabdehin İddiaçı ümumilikdə 1214 (min iki yüz on dörd) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 24 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 2 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 280 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, RSK5722437 nömrəli müqaviləyə əsasən 79 (yetmiş doqquz) manat əsas borc, 2 (iki) manat cərimə: xx.xx.2019-cu il tarixli RSK5722825 nömrəli müqaviləyə əsasən 934 (doqquz yüz otuz dörd) manat əsas borc, 30 (otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 1045 (min qırx beş) manat məbləğində borc və 34 (otuz dörd) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, RSK5722437 nömrəli müqaviləyə əsasən, "Riffel" markalı sokçəkən üçün 79 (yetmiş doqquz) manat əsas borc, 2 (iki) manat cərimə; xx.xx.2019-cu il tarixli, RSK5722825 nömrəli müqaviləyə əsasən "Beko" markalı soyuducu və 1 ədəd "Riffel" markalı mini soba üçün 934 (doqquz yüz otuz dörd) manat əsas borc, 30 (otuz) manat cərimə olmaqla, ümumilikdə 1045 (min qırx beş) manat borc və 34 (otuz dörd) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar