Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1780/2025 08.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli AZL-1218 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 aprel 2025-ci il tarixə ödənilməmiş 200.11 manat gecikdirilmiş əsas, 210.35 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 149.61 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpası üçün tələb edilən 7926.40 manat, ümumilikdə 8486.47 manat borc və ödənilmiş 104.87 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli AZL-1218 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə JSİ23) əsasən lizinq alan illik 16 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543,51 manat, ümumilikdə isə 36110 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 36110 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil 24 aprel 2025-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 7926.40 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-1218 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 aprel 2025-ci il tarixə ümumilikdə 560.07 manat məbləğində gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə JV23) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Odur ki,Cavabdeh 11 dekabr 2023-cü il tarixli AZL-1218 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 aprel 2025-ci il tarixə ödənilməmiş 200.11 manat gecikdirilmiş əsas, 210.35 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 149.61 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 7926.40 manat, ümumilikdə 8486.47 manat borc və ödənilmiş 104.87 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması məhkəmədən xahiş edilmişdir. Məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X1 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq şərtləri ilə sahibliyinə və istifadəsinə götürsə də 2025-ci ilin aprel ayında yol nəqliyyat hadisəsi törətdikdən sonra avtomobili İddiaçı MMC-yə təhvil vermişdir. Həmin avtomobili sığorta etdirməsinə və sığorta haqqı ödəməsinə baxmayaraq baş vermiş hadisədən sonra sığorta şirkətinin əməkdaşları avtomobilə baxmağa gəlməmiş və buna görə də avtomobilin təmiri üçün sığorta pulu ödənilməli olduğu halda bu ödəniş edilməmiş həmin pul hazırda ondan tələb edilir. Hesab edir ki, bu tələb əsassızdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli AZL-1218 nömrəli daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə görə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 1.3-cü bəndinə görə bu lizinq müqaviləsinin əsas məbləğini 25850 manat təşkil edir. Lizinq Alan, bu müqavilə imzalandığı gün 3.500 manat məbləğində lizinq ödənişini Lizinq Verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3.500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində illik 16% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Həmin müqavilənin 6.1-ci bəndinə görə lizinq alan lizinq obyektini öz vəsaiti hesabına daxili lizinq müqaviləsi imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən daxili lizinq müqaviləsinin müddəti başa çatanadək sığortalanmalıdır. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli AZL-1218 nömrəli daxili lizinq müqaviləsinə əlavə olunan həmin tarixli 3 saylı əlavənin surətindən görünür ki, İddiaçı MMC lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobili 25,850 manat məbləğinə, 60 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə Cavabdeh istifadəsinə və sahibliyinə vermişdir. İşdə olan 11 dekabr 2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli razılaşmanın surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış həmin razılaşmaya əsasən lizinq obyekti yol nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv olduqda Lizinq alan 24 saat müddətində lizinq obyektini sığortalayan sığorta şirkətini məlumatlandırmağı öhdəsinə götürür. Qeyd olunan öhdəlik lizinq alan tərəfindən icra edilmədikdə sığorta hadisəsi nəticəsində lizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə lizinq alan tərəfindən lizinq verənə ödənilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış daxili lizinq müqaviləsinin 9-cu bəndinə əsasən müqavilənin birtərəfli ləğv ediləcəyinə, yaranmış borcun və lizinq obyektinin qaytarılmasının ondan məhkəmə qaydasında tələb ediləcəyinə dair Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 2764 nömrəli maliyyə arayışından görünür ki, 11 dekabr 2023-cü il tarixli AZL-1218 nömrəli daxili lizinq müqaviləsi üzrə Cavabdeh xx.xx.2025-ci il tarixə borcu əsas borc qismində 200,11 manat, gecikdirilmiş mükafat borcu qismində 210,35 manat, cərimə qismində 149,61 manat, cəmi 560,07 manat təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə İddiaçı MMCyə təhvil verilmişdir. Həmin nəqliyyat vasitəsi təhvil alınarkən tam yararsız olduğu aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ümumi xidmət haqqına və ehtiyyat hissələrinə ümumilikdə 7926,40 manat məbləğində vəsait sərf olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 18:25-də “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli AZL-1218 nömrəli daxili lizinq müqaviləsinə əsasən “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinqə verilmişdir. Cavabdeh lizinq ödənişlərini vaxtında və tam həyata keçirmədiyindən İddiaçı MMC-yə daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2025-ci il tarixə əsas borc qismində 200,11 manat, gecikdirilmiş mükafat borcu qismində 210,35 manat, cərimə qismində 149,61 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4-cü maddəsinə görə lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 748-11.1.4-cü maddəsinə görə lizinq ödənişlərinin ümumi məbləğinə lizinq verənin mükafatının məbləği də daxildir. Bundan başqa həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşdə olan daxili lizinq Müqaviləsinin 7.2-ci bəndinə görə gecikdirilən lizinq ödənişi məbləğinə görə gündəlik 0.3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 149,61 manat təşkil edən dəbbə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, 11 dekabr 2023-cü il tarixli AZL-1218 nömrəli daxili lizinq müqaviləsinin 5.1-ci bəndinə görə təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Eyni zamanda tərəflər arasında bağlanmış razılaşma şərtlərinə əsasən sığorta hadisəsi baş verdiyi halda sığorta şirkətini məlumatlandırmaq da lizinq alanın öhdəliyi olmaqla, əks halda lizinq obyektinə dəymiş ziyan lizinq alan tərəfindən ödənilməlidir. İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh müvəqqəti sahibliyində və istifadəsində olan “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin qarşılığında pul vəsaitinin ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Buna görə də mülki qanunvericiliyin yuxarıda göstərilən normaları baxımından hazırki mübahisə üzrə Cavabdeh “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün ödənilmiş 7926,40 manat məbləğində pul vəsaiti alınıb İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 11 dekabr 2023-cü il tarixli AZL-1218 nömrəli daxili lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə Cavabdeh İddiaçı MMC-nin xeyrinə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinin görə ödənilməmiş əsas borc qismində 200,11 manat, gecikdirilmiş mükafat qismində 210,35 manat və dəbbə pulu qismində 5 manat, “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün sərf edilmiş 7926,40 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyi hissəsinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 103,42 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli, AZL-1218 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 200,11 manat (iki yüz manat on bir qəpik) , gecikdirilmiş mükafat qismində 210,35 manat (iki yüz on manat otuz beş qəpik) və dəbbə pulu qismində 5 (beş) manat, «Chevrolet Cobalt LTZ» markalı, 77YD126 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün sərf edilmiş 7926,40 manat (yeddi min doqquz yüz iyirmi altı manat qırx qəpik), ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 103,42 manat (yüz üç manat qırx iki qəpik), cəmi 8445,28 manat (səkkiz min dörd yüz qırx beş manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaiti tutulsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №e-2(014)-1780/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1780/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver