Məhkəmə qərarları › İş №e-2(014)-18/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-18/2024

18.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-18/2024 18.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq ”Azəriqaz” X1 istismarı İdarəsinin balansında və istismarında olan Ağdaş şəhəri, H.Əliyev prospektindən keçən d-76 mm diametrli aşağı təzyiqli 0,5 metr dərinlikdə olan yeraltı qaz kəmərinin 65 (altmış beş) p/m. hissəsində qaz xəttinin mühafizə zonasını pozaraq 0,3 metr məsafədə tikili inşa edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. “Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2 (iki) metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Azərbaycan Respublikasının Mülkü Məcəllsinin 180-cı maddəsinə əsasən “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili və başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmçinin səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili təxirəsalınmadan sökülməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki,1979-cu il tarixdə həmin əraziyə qaz boruları çəkilmiş, 1982-ci il tarixdə isə istifadəyə verilmişdir. Sözügedən tikinti isə 1989-cu il tarixdə istifadəyə verilib. Həmin tikintiyə məxsus sənədlər evləri yanarkən yanmışdır. Həmin qaz xəttini öz hesabına sökdürmək üçün maddi imkanı yoxdur. İddiaçı tərəfindən qaz borularının öz hesablarına sökülməsinə etiraz etmir. Həmçinin özünə məxsus evin sökülməsinə də razı deyil. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı X1 İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, d-76 mm-lik yeraltı aşağı təzyiqli paylayıcı qaz xəttinin mühafizə zonasında Cavabdeh məxsus qeyri qanuni tikili mövcuddur. Paylayıcı qaz xətti həmin tikilinin 0,3 m qarşısından və yerin 0,5 metr dərinliyindən keçir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli, № 3-16-16/2-10/5504 saylı ekspert rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsində olan market tikilisinin, fərdi yaşayış evinin və aksesuar mağazasının d-76 mm-lik diametri olan aşağı təzyqili yeraltı qaz kəmərindən 0,9- 0,5 metr məsafədə yerləşdiyini nəzərə alaraq, market tikilisinin 1,1 metr, fərdi yaşayış evi və aksesuar mağazasının isə 1,5 metr hissəsinin qaz kəmərinin 2 metrlik mühafizə düşdüyü müəyyən olunmuşdur. Qərardadın üçüncü sualının cavablandırılması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. İşin materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya vəqiymətləndirilməsinə aid paspoetrun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 9 iyul 1963-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 mülkiyyətinə verilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 14 iyun 2011-ci il tarixli məktubun surətindən görünür ki, JN-3160A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağdaş şəhər sakini Cavabdeh şəhər ərazisində ayrılmış 600 m2 torpaq sahəsində müasir tipli mağazanın tikintisi müvafiq yerli təşkilatlardan texniki şərtlər alındıqdan sonra məqsədəuyğun hesab edilir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş şəhəri, H.Əliyev prospektində Cavabdeh faktiki istifadəsində olan market tikilisinin, fərdi yaşayış evinin və aksesuar mağazasının d-76 mm-lik diametri olan aşağı təzyqili yeraltı qaz kəmərindən 0,9- 0,5 metr məsafədə yerləşdiyini nəzərə alaraq, market tikilisinin 1,1 metr, fərdi yaşayış evi və aksesuar mağazasının isə 1,5 metr hissəsinin qaz kəmərinin 2 metrlik mühafizə düşdüyü müəyyən olunmuşdur. Hazırda İddiaçı Cavabdeh tərəfindən Ağdaş şəhəri, H.Əliyev prospektindən keçən d-76 mm-lik diametri olan aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 19.2-ci maddəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi qadağandır. Həmçinin, sözügedən qaydalara əsasən boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədilə yeraltı aşağı təyziqli qaz kəmərlərinin binalara və tikintilərə qədər olan məsafə (mühafizə zonası) 2 metr təyin olunmuşdur (həmin Qərara 2 saylı əlavə). “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli Fərmanının 10-cu bəndinə əsasən şəhər (rayon) icra hakimiyyəti orqanlarına, xüsusilə Bakı, Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyətlərinə tapşırılmışdır ki, elektrik xətləri və kabelləri, qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikintilər aparılması hallarının qarşısını qəti şəkildə alsınlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən Ağdaş şəhəri, Heydər Əliyev prospektindən keçən d-76 mm-lik diametri olan aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikili öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılmalı və 100 (yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən Ağdaş şəhəri, Heydər Əliyev prospektindən keçən d-76 mm-lik diametri olan aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikili öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılsın. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (yüz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar