Məhkəmə qərarları › İş №e-2(014)-1851/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1851/2025

30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1851/2025 30.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı "borc tələbi” barədə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 09 sentybar 2025-ci il tarixdə İddiaçı Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 954,14 manat (doqquz yüz əlli dörd manat, on dörd qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 30 manat (otuz manat) dövlət rüsumunun və 0,40 manat (qırx qəpik) bank xidmət haqqının, ümumilikdə isə 984,54 manat (doqquz yüz səksən dörd manat,əlli dörd qəpik) pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini əsaslandırmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Yenicə kəndində Cavabdeh məxsus mənzilində № 15xx-xx-2019 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********02160 saylı qaz hesabında ödənilməmiş 954,14 manat borc vardır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 954,14 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4T markalı GCZ0270546 nömrəli sayğacın 2524 kub m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2025-ci il tarixdə məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul etmişdir. İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh izahat verərək göstərdi ki, iddia tələbində qaldırılmış məbləğlə razı deyildir. Belə ki, qazdan istifadəyə görə borcu yaransa da həmin borcdan 350 manat bir dəfə, 50 manat da bir dəfə olmaqla 400 manatını ödəmiş, qalan borcu da maddi imkanı olduqca ödəyəcək. xx.xx.2026-cı il tarixdə Cavabdeh məhkəməyə ərizə təqdim edərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Qaz paylayıcısı ilə məişət qazının qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» 12 sentyabr 2019-cu il tarixli, 15xx-xx-2019 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilənin 2.3.1-ci bəndinə görə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək, 2.3.4-cü bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə qeyd olunan müqavilə üzrə müəyyən olunmuş vəzifələrin icra olunmaması nəticəsində Paylayıcıya vurulmuş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İşdə olan İddiaçı **********02160 saylı abonenti Cavabdeh aid abonent saldosunun surətindən görünür ki, qazdan istifadəyə görə həmin abonentin 954,14 manat (doqquz yüz əlli dörd manat, on dörd qəpik) borcu vardır. “AsanPay” ödəniş sistemindən çıxarışdan görünür ki, **********02160 saldo nömrəli abonent Cavabdeh 30 yanvar 2026-cı il tarixə 554.13 manat borcu vardır. “Asan” ödəniş sistemindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 manat (otuz) dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşdə olan sənədlərdən məlum olur ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, başqa sözlə müqavilə ilə şərtləndirilmiş üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən birtərəfli imtina etmişdir ki, bu da yolverilməzdir. Halbuki, Mülki Məcəllənin 430.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Bundan başqa, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki işin tədqiq edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış və İddiaçı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək öhdəliyini götürmüş, lakin həmin öhdəliyinin layiqincə icra edilməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi **********02160 saylı abonent saldosuna əsasən qazdan istifadəyə görə Cavabdeh 954,14 manat (doqquz əlli dörd manat,on dörd qəpik) debitor borcu yarandığı göstərilsə də, məhkəmə araşdırması zamanı “AsanPay” ödəniş sistemindən Cavabdeh məxsus **********02160 saldo nömrəsi ilə 30 yanvar 2026-cı il tarixə məlumatlar yoxlanarkən həmin vaxt abanentin 554,13 manat (beş yüz əlli dörd manat,on üç qəpik) borcu olduğu müəyyən edilmişdir. Məhkəmə mülki işin müəyyən olunmuş yuxarıda qeyd olunan hallarını nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 30 yanvar 2026-cı il tarixə olan debitor borcun əvəzi qismində 554,13 manat (beş yüz əlli dörd manat,on üç qəpik) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi debitor borcla bağlı qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, eləcə də rüsum ödənilərkən əlavə xidmət haqqı ödənilməsinə dair iddiaçı tərəfindən sübutlar məhkəməyə təqdim edilmədiyindən, dövlət rüsumunun və xidmət haqqının ödənilməsi ilə bağlı iddiaçının tələbi qismən təmin edilməklə cəmi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh istifadə edilmiş təbii qazın dəyəri üzrə borcun əvəzi qismində 554,13 manat (beş yüz əlli dörd manat on üç qəpik) və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat , cəmi 584,13 manat (beş yüz səksən dörd manat on üç qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar