Məhkəmə qərarları › İş №e-2(014)-190/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-190/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-190/2023 09.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 03 aprel 2019-cu il tarixdə Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq” ilə aralarında SMEK4606276 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən 1440 manat dəyəri olan 1 ədəd “Ranza” markalı yatak Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı 0 manat ilkin ödəniş olmaqla qalan 1440 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 80 manat olmaqla, hər ayın 03-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 1390 manat əsas, 416 manat dəbbə pulu olmaqla, 1806 manat borc yaranmışdır. Alıcı tərəfindən SMEK4606276 nömrəli, 03 aprel 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 20 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də Cavabdeh SMEK4606276 nömrəli, 03 aprel 2019-cu il tarixli müqavilə üzrə 1390 manat əsas, 416 dəbbə pulu, 39 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1845 manat pulun onun xeyrinə tutulması haqqında qətnamə çıxarılması xahiş edilir. İddianın qiyməti beş min manatdan az olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmadığı üçün məhkəmə hesab edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, 03 aprel 2019-cu il tarixdə Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq” ilə aralarında SMEK4606276 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən 1440 manat dəyəri olan 1 ədəd “Ranza” markalı yatak Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehtərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 1390 manat əsas, 416 manat dəbbə pulu olmaqla, 1806 manat borc yaranmışdır. Cavabdeh tərəfindən SMEK4606276 nömrəli, 03 aprel 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 20 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə iddia əsas borc üzrə tam, cərimə borcu üzrə qismən, yəni 140 manat həcmində təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 35.30 manat dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh SMEK4606276 nömrəli , 03 aprel 2019-cu il tarixli müqavilə üzrə 1390 manat əsas borc, 140 manat dəbbə pulu və 35.30 manat dövlət hesabına ödənilmiş rüsum, ümumilikdə 1565 manat 30 qəpik (bir min beş yüz altmış beş manat otuz qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar