Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-20/2024 18.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq ”Azəriqaz” X1 istismarı İdarəsinin balansında və istismarında olan Ağdaş şəhəri H. Əliyev prospektindən keçən d-76 mm diametrli aşağı təzyiqli 0.5 metr dərinlikdə olan yeraltı qaz kəmərinin 12 (on iki) p/m. hissəsində qaz xəttinin mühafizə zonası pozaraq 0.3 metr məsafədə tikili inşa edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. “Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2 (iki) metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 180-cı maddəsinə əsasən “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili və başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmçinin səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili təxirəsalınmadan sökülməlidir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, yəni onun tərəfindən Ağdaş şəhəri, H.Əliyev prospektindən keçən d-76 mm-lik diametri olan aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdaş şəhəri, H.Əliyev prospekti 40 nömrəli ünvanda yerləşən torpaq və fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın reyestr nömrəsi **********40-10301. Daşınmaz əmlak və torpaq onun xüsusi mülkiyyətindədir. Ağdaş şəhəri, H.Əliyev prospekti 40 nömrəli ünvanda yerləşən xüsusi mülkiyyətində olan torpaqda sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün müvafiq orqanlara, o cümlədən Ağdaş rayon Gigiyena və Epidemiologiya mərkəzinə, İddiaçı Ağsu regional Qaz İstismar İdarəsinə, "xxxx" ASC-nin “Mərkəzi Aran” X8 və satışı İdarəsinin Ağdaş Elektrik Şəbəkəsinə, "xxxx" MMC-nin X2 müraciət etmişdir. Ağdaş rayon Gigiyena və Epidemiologiya mərkəzi, İddiaçı Ağsu regional Qaz İstismar İdarəsi, "xxxx" ASC-nin “Mərkəzi Aran” X8 və satışı İdarəsinin Ağdaş Elektrik Şəbəkəsi, "xxxx" MMC-nin X4 tərəfindən müraciəti cavablandırılaraq Ağdaş şəhəri, H.Əliyev prospekti 40 nömrəli ünvanda mülkiyyətində olan 0,0424 ha torpaq sahəsində qeyri-yaşayış (sahibkarlıq obyektinin) binasının tikintisinə razılıq verilmişdir. Bundan sonra ona Ağdaş rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin tikinti işlərinə başlanılması üçün əsas olan 09 nömrəli 02 avqust 2016-cı il tarixli xüsusi nişan təqdim edilmiş, torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi barədə arayış verilərək Ağdaş şəhəri, H.Əliyev prospekti 40 nömrəli ünvanda mülkiyyətində olan 0,0424 ha torpaq sahəsində tikintialtı sahəsi 41,0 kv.m ölçüdə olan sahibkarlıq obyektinin tikintisinin məqsədəuyğun olması hesab edilmişdir. Bundan sonra Ağdaş rayon İcra Hakimiyyəti başçısının 94 nömrəli 02 avqust 2016-cı il tarixli Sərəncamı ilə ünvan 2 ünvanda yaşayan Cavabdeh Bəxtiyar oğlunun Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2012-ci il tarixli, Seriya RX, ******* saylı çıxarışına əsasən şəhərin H.Əliyev prospekti 40 saylı ünvanında 0,0424 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun nəzərə alınması, həmin torpaq sahəsində təqdim edilmiş tikinti layihəsi və bu layihəyə dair müvafiq təşkilatların rəyləri nəzərə alınmaqla tikinti altı sahəsi 41,00 kv.m olan sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi qeyd edilmişdir. İddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsi ilə həm İddiaçı Ağsu regional Qaz İstismar İdarəsinin razılığını, həm digər müvafiq orqanların razılığını, həm də Ağdaş rayon İcra Hakimiyyəti başçısının 94 nömrəli 02 avqust 2016-cı il tarixli Sərəncamını qanunsuz hesab edirlər ki, bu da həqiqətə uyğun deyil. Həmin bəhs edilən d- 76 mm-lik diametri olan aşağı təzyiqli yeraltı qaz kəməri qonşuluqda yaşayan şəxslərin yaşayış evlərinin altından keçir. Bununla bağlı onlara heç bir irad tutan olmamışdır. Sahibkarlıq obyekti olduğu üçün əsassız iddia tələbi ilə ona qarşı qanunsuz tikilinin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Ən son halda bəhs edilən d-76 mm-lik diametri olan aşağı təzyiqli yeraltı qaz kəmərinin İddiaçı hesabına yerin üstünə çıxarılmasına razılıq verə bilər. Ona məxsus olan sahibkarlıq obyekti qanunsuz tikilməmişdir və qanunsuz tikili kimi qeyd edilə bilməz. Belə olan halda İddiaçı ona qarşı qanunsuz tikilinin sökülməsi tələbi tam əsassızdır. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh Ağdaş şəhəri, H.Əliyev prospektindən keçən d-76 mm-lik diametri olan aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması barədə iddia tələbinin rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, sözügedən obyekt 2016-cı ildə tikilmişdir və həmin vaxt qaz boruları torpağın altında olmuşdur. Hazırda borunun yerinin dəyişdirilməsi üçün maddi imkanı yoxdur. Buna görə də məhkəmənin ədalətli qərar verməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı X1 İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, d-76 mm-lik aşağı təzyiqli yeraltı qaz xətti 0,3 metr məsafədə Cavabdeh məxsus mağaza “Gül-Şər” birmərtəbəli tikinti bünövrəsinin yaxınlığından keçir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli, № 3-16-16/2-10/5503 saylı ekspert rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsində olan və hazırda İddiaçı tərəfindən sökülməsi tələb edilən qeyri-yaşayış tikilisinin d-76 mm-lik diametri olan aşağı təzyqili yeraltı qaz kəmərindən 0,6 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin 1,4 metr hissəsinin qaz kəmərinin 2 metrlik mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur. Qərardadın üçüncü sualının cavablandırılması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, **********40-10301 reyestr nömrəli Texniki Pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdehdur. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 94 nömrəli sərəncamının surətindən görünür ki, ünvan 2 ünvanda yaşayan Cavabdeh daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2012-ci il tarixli, Seriya RX, ******* saylı çıxarışına əsasən şəhərin H.Əliyev prospekti 40 saylı ünvanında 0,0424 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ nəzərə alınması, həmin torpaq sahəsində təqdim edilmiş tikinti layihəsi və bu layihəyə dair müvafiq təşkilatların rəyləri nəzərə alınmaqla tikinti altı sahəsi 41,00 kv.m olan sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İşin materiallarında olan Torpaq sahəsində sahibkarlıq obyektinin tikinitisinə icazə verilməsi barədə arayışın surətindən görünür ki, Ağdaş şəhər sakini Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2012-ci il tarixli Seriya RX ******* saylı Şıxarışına əsasənşəhərin H.Əliyev prospekti 40 saylı ünvanında mülkiyyətində olan 0,0424 ha torpaq sahəsində tikintialtı sahəsi 41,0 kv.m ölçüdə olan sahibkarlıq obyektinin tikintisi müvafiq texniki şərtlər alındıqdan sonra məqsədəuyğundur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş şəhəri, H.Əliyev prospekti 40 ünvanında Cavabdeh məxsus mağaza həmin küçədə yeraltı keçən d-76 mm diametrli aşağı təzyiqli 0,5 metr dərinlikdə olan yeraltı qaz kəmərinin 12 p/m hissəsində qaz xəttinin mühafizə zonasını pozaraq üzərində inşa edilmişdir. Hazırda İddiaçı Cavabdeh tərəfindən Ağdaş şəhəri, H.Əliyev prospekti 40 ünvanından keçən d-76 mm-lik diametri olan aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 19.2-ci maddəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi qadağandır. Həmçinin, sözügedən qaydalara əsasən boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədilə yeraltı aşağı təyziqli qaz kəmərlərinin binalara və tikintilərə qədər olan məsafə (mühafizə zonası) 2 metr təyin olunmuşdur (həmin Qərara 2 saylı əlavə). “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli Fərmanının 10-cu bəndinə əsasən şəhər (rayon) icra hakimiyyəti orqanlarına, xüsusilə Bakı, Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyətlərinə tapşırılmışdır ki, elektrik xətləri və kabelləri, qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikintilər aparılması hallarının qarşısını qəti şəkildə alsınlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bəxtiyar oğlu tərəfindən Ağdaş şəhəri, Heydər Əliyev prospektindən keçən d-76 mm-lik diametri olan aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikili öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılmalı və 100 (yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bəxtiyar oğlu tərəfindən Ağdaş şəhəri, Heydər Əliyev prospektindən keçən d-76 mm-lik diametri olan aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikili öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılsın. Cavabdeh Bəxtiyar oğlundan iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (yüz) manat Cavabdeh Bəxtiyar oğlundan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-20/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-20/2024
18.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver