Məhkəmə qərarları › İş №e-2(014)-2040/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2040/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2040/2025 07.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 aprel 2025-ci il tarixli müqaviləyə əsasən Beko markalı paltaryuyan maşın, Bosch markalı ətçəkən maşın, LG markalı televizor, Samsung markalı mikrodalğalı soba, 3 il müddətinə 4 ədəd ultra qızıl zəmanət xidməti üçün 3237,84 manat ödənilməmiş hissə, 323,78 manat cərimə borcu olmaqla ümumilikdə 3561,62 manat borc və 55,62 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “ABC Telecom” Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 24 aprel 2025-ci il tarixli müqaviləyə əsasən Beko markalı paltaryuyan maşın, Bosch markalı ətçəkən maşın, LG markalı televizor, Samsung markalı mikrodalğalı soba, 3 il müddətinə 4 ədəd ultra qızıl zəmanət xidməti almış və nəticədə 3561,62 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3384,84 manat (yəni 24 ay x 134,91 manat + 147 manat ilkin ödəniş) olan Beko markalı paltaryuyan maşın, Bosch markalı ətçəkən maşın, LG markalı televizor, Samsung markalı mikrodalğalı soba, 3 il müddətinə 4 ədəd ultra qızıl zəmanət xidməti üçün ümumilikdə 3561,62 manat olmaqla, ondan 3237,84 ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 323,78 manat cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən 147 manat ödəniş edilmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 24 aprel 2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 03 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 287-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 287-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 24 ay müddətinə hər ay 134,91 manat və 147 manat ilkin ödəniş ödənilməsi şərti ilə 3237,84 manat qiyməti olan Beko markalı paltaryuyan maşın, Bosch markalı ətçəkən maşın, LG markalı televizor, Samsung markalı mikrodalğalı soba, 3 il müddətinə 4 ədəd ultra qızıl zəmanət xidməti satmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2025-ci il tarixli təhviltəslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Beko markalı paltaryuyan maşın, Bosch markalı ətçəkən maşın, LG markalı televizor, Samsung markalı mikrodalğalı soba, 3 il müddətinə 4 ədəd ultra qızıl zəmanət xidməti təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 24 aprel 2025-ci il tarixdə imzalanmış ********** saylı müqaviləyə əlavədən görünür ki, aşağıda adları və qiymətləri qeyd edilmiş məhsulla ********* nömrəli faktura ilə rəsmiləşdirilmişdir. 1 ədəd Beko markalı paltaryuyan maşın - qiyməti 999,99 manat. 1 ədəd Bosch markalı ətçəkən maşın - qiyməti 279,99 manat. 1 ədəd Samsung markalı mikrodalğalı soba - qiyməti 259,991 manat. 1 ədəd LG markalı televizor - qiyməti 899,99 manat. 1 ədəd 3 il müddətin ultra qızıl zəmanət xidməti - qiyməti 52 manat. 1 ədəd 3 il müddətin ultra qızıl zəmanət xidməti - qiyməti 200 manat. 1 ədəd 3 il müddətin ultra qızıl zəmanət xidməti - qiyməti 56 manat. 1 ədəd 3 il müddətin ultra qızıl zəmanət xidməti - qiyməti 225 manat. Ödəniş (faktura üzrə): ilkin ödəniş 147 manat, kredit müddəti: 24 ay, aylıq ödəniş. (ümumi faktura üzrə): - 134,91 manat Ümumi məbləğ: 2972,961 manat Ödəniş günü: hər ayın 24 11 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 3384,84 manat olan əşyalar üzrə 147 manat əsas borca ödənilmiş məbləğ, 3237,84 manat ödənilməmiş hissə, 323,78 manat cərimə olmaqla, ümumilikdə borcu 3561,62 manat təşkil edir. ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 55,62 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, iddia ərizəsində qeyd edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 24 ay müddətinə hər ay 134,91 manat və 147 manat ilkin ödəniş ödənilməsi şərti ilə 3384,84 manat qiyməti olan Beko markalı paltaryuyan maşın, Bosch markalı ətçəkən maşın, LG markalı televizor, Samsung markalı mikrodalğalı soba, 3 il müddətinə 4 ədəd ultra qızıl zəmanət xidməti satmışdır. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 3561,62 manat məbləğində borcu yaranmışdır. Lakin iş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 24 aprel 2025-ci il tarixdə imzalanmış ********** saylı müqaviləyə edilmiş əlavəyə əsasən İddiaçı MMC Cavabdeh 24 ay müddətinə hər ay 134,91 manat və 147 manat ilkin ödəniş ödənilməsi şərti ilə 3384,84 manat qiyməti olan Beko markalı paltaryuyan maşın, Bosch markalı ətçəkən maşın, LG markalı televizor, Samsung markalı mikrodalğalı soba, 3 il müddətinə 4 ədəd ultra qızıl zəmanət xidməti satmışdır. Həmçinin həmin müqaviləyə edilmiş əlavədən görünür ki, 1 ədəd Beko markalı paltaryuyan maşın - qiyməti 999,99 manat, 1 ədəd Bosch markalı ətçəkən maşın - qiyməti 279,99 manat, 1 ədəd Samsung markalı mikrodalğalı soba - qiyməti 259,991 manat, 1 ədəd LG markalı televizor - qiyməti 899,99 manat, 1 ədəd 3 il müddətin ultra qızıl zəmanət xidməti - qiyməti 52 manat, 1 ədəd 3 il müddətin ultra qızıl zəmanət xidməti - qiyməti 200 manat, 1 ədəd 3 il müddətin ultra qızıl zəmanət xidməti - qiyməti 56 manat, 1 ədəd 3 il müddətin ultra qızıl zəmanət xidməti qiyməti 225 manat olmaqla 02001154 nömrəli faktura ilə rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ilkin ödəniş olaraq 147 manat məbləğində ödəniş ödənilmişdir. Malların ümumi dəyəri (259,991+999,99+279,99+899,99+52-200+56+225=2972,961) 2972,961 manat təşkil edir. Beləliklə iddiaçı tərəfindən cavabdehə verilmiş malların və xidmətlərin qiymətlərini (İddiaçı MMC ilə Cavabdeh arasında 24 aprel 2025-ci il tarixdə imzalanmış ********** saylı müqaviləsinə əlavə) topladıqda (259,991+999,99+279,99+899,99+52- 200+56+225=2972,961) 2972,961 manat olduğu halda iddiaçı tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsinə əlavədə malların ümumi dəyərinin 3384,80 manat, maliyyə arayışında və iddia ərizəsində isə 3384,84 manat kimi qeyd etməklə malların ümumi dəyəri süni şəkildə artırılmışdır. Həmçinin 11 sentyabr 2025-ci il tarixli maliyyə arayışından cavabdeh tərəfindən iddiaçıya ilkin ödəniş olaraq 147 manat məbləğində ödəniş edilmiş, həmin borc əsas borca yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, malların ümumi dəyəri 2972,961 manat götürülməklə, eyni zamanda cavabdeh tərəfindən həmin mallara görə 147 manat ilkin ödəniş edilməsini nəzərə almaqla cavabdehin iddiaçıya 2825,96 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun 2678,96 manat ödənilməmiş əsas borcu qalmışdır. Eyni zamanda iddiaçı cavabdehdən 323,78 manat cərimə (dəbbə) pulu tələb edir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə qənaətə gəlir ki, alqı-satqı müqaviləsi üzrə tələb edilən 323,78 manat dəbbə pulu həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Əsas borcun miqdarının 2825,96 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 323,78 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə tənasübsüz surətdə yüksək və işin digər faktiki halları nəzərə alınmaqla iddiaçının cavabdehdən tələb etdiyi 323,78 manat məbləğinin azaldılaraq 280 manat həddində müəyyən edilməsi kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri baxımından uyğundur. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24 aprel 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən 2825,96 manat ödənilməmiş hissə, 280 manat cərimə olmaqla, ümumilikdə 3105,96 (üç min bir yüz beş manat, doxsan altı qəpik) manat borc və 51,06 (əlli bir manat, altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-nin xeyrinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24 aprel 2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən 2825,96 manat ödənilməmiş hissə, 280 manat cərimə olmaqla, ümumilikdə 3105,96 (üç min bir yüz beş manat, doxsan altı qəpik) manat borc və 51,06 (əlli bir manat, altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-nin xeyrinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar