Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2135/2025 12.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 1027.00 (min iyirmi yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumillikdə isə 1057.00 (min əlli yeddi) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mercedes Benz E230” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu, M.İsayev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21154” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Vaz 21154” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 1027.00 (min iyirmi yeddi) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Ağdaş rayonu YPX-nin İnzibati tənbeh vermə haqqında Qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, G-D-5464-2025 nömrəli məktubla cavabdehə qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbləri təmin olunmadığından həmin tələblərin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ” ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə 1 027.00 (bir min iyirmi yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 30,00 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutularaq ödənilməsi tələbi üzrə 2(014)-2135/2025 saylı mülki iş vardır. Qeyd olunan mülki işin baxış iclası xx.xx.2026-cı il tarixdə saat 11:30-a təyin edilmişdir. İşlərinin çoxluğu, işçi sayının azlığı, baş ofislərinin Bakı şəhərində yerləşməsi və gediş-gəlişlə bağlı çətinliklə yaşamaqları, eləcə də həmin tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iclaslarının olması səbəbindən nümayəndələrinin xx.xx.2026-cı il tarixdə saat 11:30-a təyin edilmiş baxış iclasında iştirak edə bilməyəcəyini nəzərə almağınızı, baxış iclasını nümayəndələrinin iştirakı olmadan keçirməklərini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdeh 13 yanvar 2026-cı il tarixdə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, borcun onun borcu olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Vaz 21154” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1027 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli CM0181/20 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mercedes Benz E230” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu, M.İsayev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21154” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Vaz 21154” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 1027.00 (min iyirmi yeddi) manat sığorta ödənişi həyata keçirilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 15 oktyabr 2025-ci il tarixli G-D-5464-2025 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 7 iş günü ərzində 1027 manat məbləğində vəsaitin qaytarılması və əks təqdirdə məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcək və bu zaman müvafiq məhkəmə xərcləri də əlavə olunacağı bildirilmişdir. İşin materiallarında olan xx.xx.2016-cı il tarixli ƏN-İİİ 826639 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Vaz 21154” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2, etibar edilən şəxs X4r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli 9/132-1274-1220 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 11:54 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində toqquşma baş vermişdir. “Vaz 21154” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə iddiaçı tərəfindən icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın və xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh “Mercedes Benz E230” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 332.1.-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinmiş, barəsində 400 manat məbləğində cərimə edilmişdir. İşin materiallarında olan ödəniş aktından görünür ki, 1027 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30.27 (otuz manat iyirmi yeddi) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mercedes Benz E230” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu, M.İsayev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21154” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Vaz 21154” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 1027.00 (min iyirmi yeddi) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Ağdaş rayonu YPX-nin inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, G-D- 5464-2025 nömrəli məktubla cavabdehə qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3-ci maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4-ci maddəsinə əsasən faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh subroqasiya hüququ ilə əlaqədar 1027 (min iyirmi yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ümumillikdə isə 1057 (min əlli yeddi) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1027 (bir min iyirmi yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ümumillikdə isə 1057 (bir min əlli yeddi) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-2135/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2135/2025
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver