Məhkəmə qərarları › İş №e-2(014)-476/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-476/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-476/2022 22.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Azəriqaz” İB Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbi haqqında işlər üzrə sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 09.03.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırmaya ehtiyac olduğu üçün iş iddia icraatına keçirilmişdir. İddiaçı İB iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00770 saylı qaz hesabında 19.01.2022-ci il tarixə ödənilməmiş 626.97 manat borc vardır və hazırda məcburi qaydada ödənişin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 626.97 manat hissəsi sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Tələbdə göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 626.97 manat həcmindəki borc Cavabdeh yaşadığı Ağdaş şəhəri, H.Əliyev pr. 1, ev 67, mənzil 77-də yerləşən mənzilində hazırda istismarda olan G4T markalı 10298980 nömrəli sayğacın 1888 m3 göstəricisi ilə müəyyən edilmişdir. Odur ki, cavabdeh Ağdaş şəhəri, H.Əliyev pr. 1, ev 67, mənzil 77-də yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 626.97 manat, 30 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının, ümumilikdə 657.37 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı İB-in nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, onun yaşadığı mənzildə əvvəllər sayğac olmayıb, sonradan təxminən 7-8 il əvvəl yaşadığı mənzilə sayğac quraşdırılmışdır. Sayğac quraşdırıldıqdan 5 gün sonra İddiaçı İB-nin əməkdaşları gələrək onun qazdan istifadəyə görə borcunun yarandığını bildirmişlər və yaranmış borcun ödənilməsini tələb etmişlər. Onun heç vaxt qazdan istifadəyə görə borcu yaranmamışdır. Azəriqaz” İB-nin iddiası əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh adına olan abonentin saldosundan görünür ki, Cavabdeh 2022-ci ilə görə 626.97 manat borcu vardır. İş materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında 19.11.2019-cu il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Zaqatala RQİİ-dən Cavabdeh qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, düvlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasgngn Konstitusiyasgna və qanunlargna əməl etməli, başqa şəxslərin hğquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş XS-də istehlakçı kimi qeydiyyatda olan Cavabdeh özünə məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Belə ki, istehlakçı Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən **********00770 saylı qaz hesabında 626.97 manat borc yaranmışdır. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, təbii qazdan istifadəyə görə yaranmış borc məbləği olan 626.97 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 626.97 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, 0,40 manat xidmət haqqı, cəmi 657 manat 37 qəpik (altı yüz əlli yeddi manat otuz yeddi qəpik) tutularaq İddiaçı İBin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar