Məhkəmə qərarları › İş №e-2(014)-713/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-713/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-713/2025 30.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X3 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 285 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 315 (üç yüz on beş) manat pulun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, ADK5862381 saylı borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMCdən 12 ay müddətinə 747 manat dəyərində XİAOMİ REDMİ NOTE 9S (İNTERSTELLAR GREY) markalı telefon və qızıl zəmanət əldə etmişdir. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 285 manat məbləğində borcu qalmışdır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı MMC ilə aralarında bağlanan xx.xx.2020-ci i tarixli, ADK5862381 nömrəli müqavilənin 12 ay müddətinə bağlandığını, müqavilənin müddətinin xx.xx.2021-ci il tarixdə bitdiyini və İddiaçı MMC tərəfindən 3 illik müddətin ötürüldüyünü bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə əlavə araşdırmaya ehtiyac olduğundan məhkəmənin 05 mart 2025-ci il tarixli qərardadı ilə iş iddia icraatına keçirilmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizələr təqdim edərək, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilmədiyini, iş üzrə bütün sübutları məhkəməyə təqdim etdiyini, hər hansı əlavə vəsatət və sübutunun olmadığını bildirib, iddia ərizəsinə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında cavabdeh X2 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı MMC ilə aralarında olan xx.xx.2020-ci i tarixli, ADK5862381 nömrəli müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və İddiaçı MMC tərəfindən 3 illik müddət ötürülmüşdür. Belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 6 ay 7 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. O nə cəza çəkərkən, nə də həbsdən azad olunduqdan sonra heç bir ödəniş etməmiş, ailə üzvləri tərəfindən də İddiaçı MMC-yə heç bir ödəniş edilməmişdir. Odur ki, qeyd olunan nəzərə alınıb iddia müddətinin tətbiq edilib iddianın rədd edilməsini barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: xx.xx.2020-ci il tarixli, ADK5862381 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh XİAOMİ REDMİ NOTE 9S (İNTERSTELLAR GREY) markalı telefon və qızıl zəmanət almışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı alıcıya ümumi dəyəri 747 manat olan XİAOMİ REDMİ NOTE 9S (İNTERSTELLAR GREY) markalı telefon və qızıl zəmanət təhvil vermişdir. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, ADK5862381 saylı müqavilə üzrə ödənişlər etdikdən sonra onun İddiaçı MMC-yə olan borcu 285 (iki yüz səksən beş) manat təşkil edir. Mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmənin sorğusuna əsasən İddiaçı MMC-nin hüquqşünası Nümayəndə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ADK5862381 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 57 manat məbləğində sonuncu ödəniş edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli, 3-16- 17/33/2-1513/2025 saylı məktubdan görünür ki, xx.xx.1987-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, ünvan 1 ünvanda yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1008/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-823/2023 saylı qərarı ilə əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkum Cavabdeh Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-647/2023 saylı qərarına əsasən cəzasının çəkilməmiş qalan 6 (altı) ay 7 (yeddi) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Cavabdeh 17 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəəssisədə işləməmişdir. Həmçinin İddiaçı MMC-nə ödənilməsi üçün müəssisəyə bununla bağlı icra vərəqəsi və icra sənədi daxil olmamış və Cavabdeh İddiaçı MMC-yə ödəniş etməmişdir. İddiaçı MMC-nin hüquqşunası Nümayəndə Cavabdeh xx.xx.2025-ci il tarixdə müqavilə üzrə 57 manat ödəniş etdiyini maliyyə arayışında qeyd etsə də, ödənişin kimin tərəfindən və hansı qaydada həyata keçirilməsinə dair sübut təqdim etməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 17 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli məktubla müəyyən olunur ki, Cavabdeh 25 may 2025-ci il tarixdə cəzaçəkmə müəssisəsində olmuş və o, cəza çəkdiyi müddətdə işləməmiş və tərəfindən İddiaçı MMC-nə heç bir ödəniş edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən 12 ay müddətinə 747 manat dəyərində XİAOMİ REDMİ NOTE 9S (İNTERSTELLAR GREY) markalı telefon və qızıl zəmanət almış, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş, nəticədə borcu yaranmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış borcun cavabdehdən tutularaq ona ödənilməsini, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra təqdim edilməsi səbəbindən iddianın təmin edilməməsini xahiş edirlər. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə borc müqaviləsi adlandırılsa da, şərtləri baxımından nisyə alqı-satqı müqaviləsi kimi qiymətləndirilməlidir. Deməli, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam və vaxtında icra etməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış borcun ödənilməsini cavabdehdən tələb edir. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edildiyindən, məhkəmə tərəfindən tələb üzrə müddətin ötürülüb-ötürülməməsi araşdırılaraq müəyyən edilmişdir ki, hazırki iddia ərizəsi bu cür tələblər üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edildiyindən, iddia təmin edilməməlidir. Belə ki, müqavilə xx.xx.2020-ci il tarixdə 12 ay müddətinə bağlanılmış, yəni müqavilənin müddəti xx.xx.2021-ci ildə başa çatmış, xx.xx.2021-ci ildən etibarən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə müvafiq olaraq 3 illik iddia müddətinin axımı başlanmış, xx.xx.2024-cü ilədək nə cavabdeh tərəfindən ödəniş edilməsi, nə iddiaçı tərəfindən həmin borcun məhkəmə qaydasında tələb edilməsi, nə də iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olan hər hansı başqa hal müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən iddiaçının və nümayəndəsinin “Elektron Məhkəmə” İnformasiya Sistemində olan elektron kabinetinə iddia müddətinin tətbiqi barədə ərizədə göstərilənləri təkzib edən mötəbər sübutların (ödəniş qəbzlərinin) məhkəməyə təqdim edilməsi barədə təklifin əks olunduğu xx.xx.2025-ci il tarixli məhkəmə bildirişinin yerləşdirilməsinə (habelə, xx.xx.2025-ci il tarixli qərardadda cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməsinin vurğulanmasına) baxmayaraq, iddiaçı tərəfindən bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçının nümayəndəsinin xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə təqdim etdiyi ərizələrdə iş üzrə əlavə sübut və vəsatətin olmaması, bütün sübutların təqdim olunduğu qeyd edilmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə iddia müddətinin axımı bitdikdən (xx.xx.2024-cü il tarixindən) 2 aya yaxın müddət keçdikdən sonra – xx.xx.2025-ci ildə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildikdən sonra iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığı kimi, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Göstərilənlər iddia tələbinin təmin edilməsini istisna etməklə, iddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi zərurətini meydana çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 601.1-ci əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarı”nda formalaşdırılmış hüquqi mövqeyinə görə iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bundan başqa “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı”na əsasən məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar