Məhkəmə qərarları › İş №e-2(014)-74/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-74/2022

30.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-74/2022 30.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı nümayəndəsi X4 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı tikilinin sökülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İB-nin nümayəndəsi iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq İddiaçı X1 istismarı İdarəsinin balansında və istismarında olan Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsindən keçən d-159 mm diametrli aşağı təzyiqli yeraltı qaz kəmərinin 4 p/m hissəsində qaz xəttinin mühafizə zonası pozaraq üzərində tikili inşa edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28.09.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. “Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə beş metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrəgətirib çıxara bilər. Odur ki, Cavabdeh tərəfindən M.Ə.Rəsulzadə küçəsindən keçən d-159 mm-lik diametri olan aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, onun tərəfindən inşa edilmiş mağaza qaz xəttinin mühafizə zonasına düşmür, buna görə də ddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 27 iyul 2021-ci il tarixli aktdan görünür ki, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili d-159 mm-lik yeraltı aşağı təzyiqli qaz xətti 2.5 metr məsafədə yerləşir. İş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizasının 18 fevral 2022-ci il tarixli 10/6970 №-li rəyindən görünür ki, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən inşa edilmiş mağaza ilə həmin küçədə mağaza ilə paralel olmaqla yeraltı keçən diametri 159 mm olan aşağı təzyiqli qaz xətti ilə mağazanın divarı arasında olan məsafə 2.03 m təşkil edir. Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən inşa edilmiş mağaza ilə həmin küçədə mağazaya paralel olmaqla yeraltı keçən diametri 159 mm-lik aşağı təzyiqli qaz xətti arasındakı məsafənin 2.03 m təşkil etdiyini nəzərə alaraq “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən həmin mağazanın qaz xəttinin mühafizə zonasında yerləşmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə qənaətə gəlir ki, İddiaçı İB-nin Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsinin öz hesabına sökülməsini tələb etsə də, ekspert rəyindən və cavabdehin izahatdan görünür ki, iddia əsassızdır. Çünki cavabdeh tərəfindən inşa edilmiş mağaza ilə həmin küçədə mağazaya parelel olmaqla yeraltı keçən diametri 159 mm-lik aşağı təzyiqli qaz xətti arasındakı məsafənin 2.03 m təşkil etdiyini nəzərə alaraq “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən həmin mağazanın qaz xəttinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir, buna görə də iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manat İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar