Məhkəmə qərarları › İş №e-2(014)-76/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-76/2022

06.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-76/2022 06.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı bildirir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq İddiaçı Zaqatala X2 İdarəsinin balansında və istismarında olan Ağdaş şəhəri H.Əliyev prospektindən keçən d-159 mm diametrli orta təzyiqli yeraltı qaz kəmərinin 30 (otuz) p/m hissəsində qaz xəttinin mühafizə zonasını pozaraq üzərində tikili inşa edilmişdir. ”Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28.09.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. “Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 5 (beş) metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Azərbaycan Respublikasının Mülkü Məcəllsinin 180-cı maddəsinə əsasən “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili və başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Bundan əlavə gələcəkdə insan təlafatı ilə nəticələnə biləcək hər-hansı qəza və bədbəxt hadisələrin vaxtında qarşısının alınması məqsədilə və kəmərə texniki xidmətin göstərilməsi üçün təhlükəsizlik zonasında inşa edilmiş tikililnin mühafizə zolağına düşən hissəsinin öz vəsaiti hesabına sökülməsi və ya kəmərin təhlükəsiz zonaya çıxarılması üçün texniki icra sənədlərinin hazırlanması məqsədilə Zaqatala RQİİ-nin Texniki istismar şöbəsinə müraciət edilməsi, əks təqdirdə tikililərin sökülməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili təxirəsalınmadan sökülməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan ”Azəriqaz” X1 X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 27.07.2021-ci il tarixli, aktdan görünür ki, Cavabdeh məxsus iki mərtəbə “X3” d-159 mm diametrli orta təzyiqli yeraltı qaz kəmərindən 2 metr məsafədə yerləşir. 30 (otuz) p/m hissəsində qaz xəttinin mühafizə zonası pozaraq üzərində inşa edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.02.2022-ci il tarixli, № 10/7185 saylı ekspert rəyindən görünür ki, Ağdaş şəhəri, Heydər Əliyev prospektində Cavabdeh məxsus tikili (“X3”) ilə həmin küçədə tikili ilə paralel keçən diametri 159 mm olan aşağı təzyiqli qaz xətti ilə tikilinin divarı arasına olan məsafə 3.2 m təşkil edir və qeyd olunan qaz xətti tikilinin uzununa boyunca paralel keçir və tikilinin uzunluğu 25 m təşkil edir. Ağdaş şəhəri, Heydər Əliyev prospektində Cavabdeh məxsus tikili (“X3”) ilə həmin küçədə tikiliyə paralel olmaqla keçən diametri 159 mm-lik aşağı təzyiqli qaz xətti arasındakı məsafənin 3.2 m təşkil etdiyini nəzərə alaraq “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən həmin tikilinin qaz xəttinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilir. Ağdaş şəhəri, Heydər Əliyev prospektində Cavabdeh məxsus tikili (“X3”) ilə həmin küçədə tikiliyə paralel olmaqla keçən diametri 159 mm-lik aşağı təzyiqli qaz xətti arasındakı məsafənin 3.2 m təşkil etdiyini nəzərə alaraq “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən həmin tikilinin qaz xəttinin mühafizə zonasında yerləşmədiyinə görə, qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmadı. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, Ağdaş şəhəri, Heydər Əliyev prospektində Cavabdeh məxsus tikili (“X3”) ilə həmin küçədə tikiliyə paralel olmaqla keçən diametri 159 mm-lik aşağı təzyiqli qaz xətti arasındakı məsafənin 3,2 m təşkil etdiyini nəzərə alaraq “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən həmin tikilinin qaz xəttinin mühafizə zonasında yerləşmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı tərəfindən Cavabdeh məxsus (“X3”) qaz xəttinin mühafizə zonasında yerləşdiyindən sökülməsi tələb edilmişdir. Həmin Ağdaş şəhəri, Heydər Əliyev prospektində Cavabdeh məxsus tikili (“X3”) ilə həmin küçədə tikiliyə paralel olmaqla keçən diametri 159 mm-lik aşağı təzyiqli qaz xətti arasındakı məsafənin 3,2 m təşkil etdiyini nəzərə alaraq “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən həmin tikilinin qaz xəttinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar