Məhkəmə qərarları › İş №e-2(014)-773/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-773/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-773/2025 03.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 896 manat məbləğində əsas borc, 191 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 1087 manat borcun və ödənilmiş 30.87 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə bağladığı 01 noyabr 2021-ci il tarixli 0028 saylı alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 200 manat olmaqla 7 ay müddətinə 896 manat məbləğində mobil telefon verilmişdir. Cavabdeh alqı-satqı müqaviləsinin 2.3-cü bəndinin tələbini pоzaraq ödəniş cədvəli üzrə ödəmələri vaxtıvaxtında həyata keçirməmiş, ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən iddiaçıya qaytarmamışdır. O, alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu bоrcundan 0 manat ödəmiş, onun 896 manat məbləğində əsas borcu qalmışdır. Alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə hər ödəniş tarixinin başa çatdığı gündən sonra ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 2 %-i miqdarında əlavə məbləğ ödəyir. Qeyd edilənlərə əsasən bildirir ki, o bоrcunu iddiaçıya qaytarmadığı üçün xx.xx.2024-cü tarixə hesablanmış faiz borcu 191 manat təşkil edir. Cavabdehə borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə olunmamışdır. Bununla da cavabdehin bu hərəkətləri nəticəsində iddiaçı dövriyyəsini çoxalda bilməyərək maddi zərər dəymişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh qarşı qaldırdığı iddia tələbini müdafiə etdiyini, mülki işə iştirakı olmadan baxılmasını, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 01 noyabr 2021-ci il tarixli 0028 saylı alqı-satqı müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 896 manat, faiz üzrə borc 191 manat olmaqla cəmi 1087 manat borc hesablanmışdır. İşin materiallarında olan 01 noyabr 2021-ci il tarixli 0028 saylı alıq-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilkin ödəniş 200 manat olmaqla 7 ay müddətinə 896 manat məbləğində mobil telefon verilmişdir. İşin materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh 1087 manat məbləğində ümumi borcun 10 gün ərzində ödənilməsi, əks halda qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcəyi xəbərdarlıq edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 30.87 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı ilə bağladığı 01 noyabr 2021-ci il tarixli 0028 saylı alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 200 manat olmaqla 7 ay müddətinə 896 manat məbləğində mobil telefon verilmiş, cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə onun iddiaçıya ümumilikdə 1087 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə tələb edilən 191 manat faiz borcu yox, dəbbə puludur, belə ki, tərəflər arasında bağlanmış müqavilədə faiz borcunun hesablanması nəzərdə tutulmamışdır, lakin dəbbə pulu həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Əsas borcun miqdarının 896 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 191 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddiaçının cavabdehdən 191 manat dəbbə pulu tələbinə dair hissəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 18 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 896 (səkkiz yüz doxsan) manat əsas borc, 18 (on səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 914 (doqquz yüz on dörd) manat məbləğində borcun tutularaq İddiaçı Ramiz oğluna ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində müəyyən edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənn 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənn 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 896 (səkkiz yüz doxsan) manat əsas borc, 18 (on səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 914 (doqquz yüz on dörd) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar