Məhkəmə qərarları › İş №e-2(014)-79/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-79/2022

18.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-79/2022 18.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı tikilinin sökülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İB-nin nümayəndəsi iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq İddiaçı X1 istismarı İdarəsinin balansında və istismarında olan Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsindən keçən d-159 mm diametrli aşağı təzyiqli yerüstü qaz kəmərinin 10 p/m hissəsində qaz xəttinin mühafizə zonası pozaraq üzərində tikili inşa edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28.09.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. “Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 5 metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Odur ki, Cavabdeh tərəfindən M.Ə.Rəsulzadə küçəsindən keçən d-159 mm-lik diametri olan aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı İB-in nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, mübahisə predmeti olan mağaza 2001-ci ildə valideynləri tərəfindən tikilmişdir, həmin qaz xəttinin üzərində çoxlu sayda mağazalar tikilmişdir. Valideynləri tərəfindən inşa edilmiş mağaza qaz xəttinin mühafizə zonasına düşmür. İddiaçı tərəfindən iddia müddəti keçdiyi üçün iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 29 iyun 2021-ci il tarixli aktdan görünür ki, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili d-159 mm-lik yeraltı aşağı təzyiqli qaz xətti 1 metr məsafədə yerləşir. İş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizasının 18 fevral 2022-ci il tarixli 10/6969 №-li rəyindən görünür ki, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən inşa edilmiş mağaza ilə həmin küçədə mağaza ilə paralel olmaqla yeraltı keçən diametri 159 mm olan aşağı təzyiqli qaz xətti ilə mağazanın divarı arasında olan məsafə 0.3 m təşkil edir. Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən inşa edilmiş mağaza ilə həmin küçədə mağazaya paralel olmaqla yeraltı keçən diametri 159 mm-lik aşağı təzyiqli qaz xətti arasındakı məsafənin 0.3 m təşkil etdiyini nəzərə alaraq “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən həmin mağazanın qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən qeyri-yaşayış binasının texniki pasprotunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin 30.08.2000-ci il tarixli 27 nömrəli sərəncamı ilə X4 və X6 tərəfindən tikilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkindirməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququnun müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də şamil edilir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onların öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti üzərindən çox vaxt ötmüş mötəbərliyin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına münasibətləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə qənaətə gəlir ki, mübagisə predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası 2001-ci ildə tikilməsinə baxmayaraq iddiaçı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, iddiaçı tərəfindən cavabdehdən tikilinin sökülməsini tələb etmək hüququna malik olmasına baxmayaraq, tikilinin tikilməsi tarixdən 21 ildən çox müddət keçdikdən sonra, yəni 28 sentyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş 6 illik iddia müddətini buraxmışdır. Cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddəti təbiq edilməli, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia müddəti tətbiq edilsin. İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manat İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar