Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-95/2025 27.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xaldi qızının katibliyi, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Zərdab Filialı ilə Cavabdeh Feyruz oğlu arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli 74 saylı alğı-satqı müqaviləsinə əsasən Ağdaş rayonu, Ağzıbir kəndi ərazisində 5,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 5330.80 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 240.00 manat məbləğində 1-ci şum, 152.00 manat məbləğində rotasiyon mala, 510.00 manat məbləğində şirvan mala, 64.00 manat məbləğində sahədaxili kanal çəkilişi, 180.00 manmat məbləğində çiyid səpini, 1593.01 manat məbləğində gübrə/dərman, 312.00 manat məbləğində kutivasiya, 50.00 manat məbləğində dərman səpini, 1024.00 manat bməbləğindəçiyid toxumu, 1205.79 manat məbləğində arat, becərməyə, əl yığımına avans verilmiş, cəmi: 5330.80 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin, “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsumbaşa çatsada 1758.45 manat məbləğində 2705.31 kq xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 3572,35 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edilmiş iş və xidmətlərin görülməsi barədəakt (üzləşməaktı), ödəmətapşırıqları və digər sənədlərlətəsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdeh Feyruz oğlundan iddiaçının xeyrinə 3572,35 manat borcun və 55.72 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh 09 yanvar 2025-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ünvanlayaraq, iddiaçı P-Aqro MMC-nin ona qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, həmin tələb Ağdaş Rayon Məhkəməsinə 2024-cü ilin oktyabr ayında daxil olduğunu, həmin iddia tələbi ilə bağlı iddia ərizəsi ilə tanış olduğunu, qeyd etdiyi əsaslarla iddia tələbini qəbul etmədiyini, 08 yanvar 2020-ci il tarixdə müqavilə bağayaraq iddiaçı ilə qarşılıqlı öhdəlik götürdüklərini, lakin iddiaçı üzərinə götürdüyü öhdəlikləri icra etmədiyini, belə ki, iddiaçının ona verdiyi pambıq toxumu yararsız və cürük olduğunu, həmin toxum çıxmadığından yenidən öz vəsaiti hesabına pambıq toxumu alaraq əkdiyini,eyni zamanda öz vəsaiti hesabına mütəxəsis dəvət edərək torpağa baxdırdığını, mütəxəsisin ona əkdi ərazidə normal pambıq olmayacağını bildirdiyini, bütün bunları nəzərə alaraq iddiaçıya heç bir ödəniş etmədiyini, iddiaçının iddiasında qeyd etdiyi öhdəlik müqavilə üzrə olmaqla 08 yanvar 2020-ci il tarixdə yarandığını, eyni zamanda həmin müqavilə üzrə öhdəlik 2020-ci ilin noyabr ayında bitdiyini, müvafiq qanunvericilikdə həmin ödəliyin icra müddəti nəzərdə tutulduğunu, lakin tələbkar müddət keçdikdən 4 il sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı 4 il sonra məhkəməyə müraciət etməklə iddia müddətini buraxdığını, buna görə də hesab edir ki, iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Məhkəməyə İddiaçı MMC-nin baş direktoru Azər Əlizadə 27 yanvar 2025-ci il tarixdə ərizə ünvanlayaraq, iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılması və iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, iddia tələbinə mahiyyəti üzrə baxılmasını və iddia müddətinin tətbiq edilməsinə dair ərizəmdə qeyd edilənləri nəzərə alaraq iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan İddiaçı MMC-nin Zərdab Filialı ilə Cavabdeh Feyruz oğlu arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli 74 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Ağdaş rayonu, Ağzıbir kəndi ərazisində 5,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “cavabdeh” “iddiaçı’dan (iş və xidməti) avans olaraq götürmüşdür. Eyni zamanda müqavilənin 6.8-ci bəndində qeyd edilmişdir ki, müqavilə 01 mart 2021-ci il tarixədək hüquqi qüvvədədir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış maliyyə arayışından görünür ki, Cavabdeh MMC-yə 3572,35 manat borcu qalmışdır. İşin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, İddiaçı MMC borclu Cavabdeh 08 yanvar 2020-ci il tarixli 74 saylı alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, 08 yanvar 2020-ci il tarixli 74 saylı alqı-satqı müqaviləsinin müddəti 01 mart 2021-ci il tarixdə başa çatmışdır. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 07 oktyabr 2024cü il tarixində məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə görə, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanın qiymətini vaxtında ödəmirsə, satıcı əşyanın qiymətini ödəməyi tələb edə bilər. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-ci maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. 601.1-ci maddəsində göstərilmişdir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə alqı-satqı müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Alqı-satqı müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, alqı-satqı müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiasının qanunla müəyyən olunmuş müddəti buraxıldığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-95/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-95/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver