Məhkəmə qərarları › İş №e-2(015)-1463/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-1463/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1463/2024 17.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 826,60 (səkkiz yüz iyirmi altı manat altmış qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu H.Əliyev prospekti ərazisində Cavabdeh idarə etdiyi və "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Hyundai Elantra” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil “Audi Q7” markalı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TYP 044657 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.6-cı maddəsi (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli Qüsur aktında göstərilmişdir ki, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil “Audi Q7” markalı avtonəqliyyat vasitəsinə vurulmuş maddi zərər 2206,00 (iki min iki yüz altı) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA36639 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə ümumilikdə 2206,00 (iki min iki yüz altı) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı sığortalı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən yayındığından "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması barədə cavabdehə bildiriş göndərmişlər, cavabdeh isə tələb olunan məbləğdən 1380,00 manat ödənişi şirkətə ödəmiş, qalıq 826,60 manat sığorta ödənişini isə ödəməkdən yayınmışdır. Ona görə də, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı hazırki tələblə bağlı məhkəməyə müraciət edilmişdir.

a) İşə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar məhkəmənin mövqeyi:

3. Ağstafa Rayon Məhkəməsində «Xalq Sığorta” ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair iddiası üzrə tələb edilən məbləğ 5000 manatdan az olduğundan, mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və işin həllinə dair iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır.

4. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarına əlavə olunmuş PXA********** nömrəli icbari sığorta müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, icbari sığorta müqaviləsinə əsasən “Hyundai Elantra” markalı, **-RC-*** dövlət nömrə nişanlı avtomobili 1 (bir) il müddətinə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalamışdır.

7. İş materiallarına əlavə olunmuş DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TYP 044657 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən,Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.6-cı maddələri ilə (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir.

8. İş materiallarına əlavə olunmuş sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli Qüsur aktında göstərilmişdir ki, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil “Audi Q7” markalı avtonəqliyyat vasitəsinə vurulmuş maddi zərər 2206,00 (iki min iki yüz altı) manat təşkil edir.

9. İş materiallarına əlavə olunmuş sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, "xxxx" ASC tərəfindən iş üzrə PXA36639 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə ümumilikdə 2206,00 (iki min iki yüz altı) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. xx.xx.2017-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu H.Əliyev prospekti ərazisində Cavabdeh idarə etdiyi və "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Hyundai Elantra” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil “Audi Q7” markalı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. xx.xx.2017-ci il tarixli Qüsur aktında göstərilmişdir ki, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil “Audi Q7” markalı avtonəqliyyat vasitəsinə vurulmuş maddi zərər 2206,00 (iki min iki yüz altı) manat təşkil edir. "xxxx" ASC tərəfindən iş üzrə PXA36639 saylı sığorta aktı tərtib edilmiş zərərçəkənə dəymiş zərərə görə ümumilikdə 2206,00 (iki min iki yüz altı) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tələb olunan məbləğdən 1380,00 manat ödənişi şirkətə ödəmiş, qalıq 826,60 manat sığorta ödənişini isə ödəməkdən yayınmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Eyni zamanda yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.

12. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

13. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5- ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.

14. Həmin Qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddələrinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

16. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

17. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur

20. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

21. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

22. Həmçinin, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir.

23. Məhkəmə, MPM-nin 119.1-ci maddəsinin tələbinə əsaslanaraq hesab edir ki, iddiaçı təşkilatın çəkdiyi məhkəmə xərcinin əvəzi olan 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməlidir.

24. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehdən 826,60 (səkkiz yüz iyirmi altı manat, altmış qəpik) manat vurulmuş zərər və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 856,60 (səkkiz yüz əlli altı manat, altmış qəpik) manat "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.

Nəticə hissəsi: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 826,60 (səkkiz yüz iyirmi altı manat altmış qəpik) manat vurulmuş zərər və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 856,60 (səkkiz yüz əlli altı manat, altmış qəpik) manat «Xalq Sığorta” ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar