Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1577/2025 04.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli LC1110355/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 189 manat və 10 manat cərimə məbləği olmaqla, cəmi 199 (yüz doxsan doqquz) manat, ödənilmiş 30.40 manat məbləğində xidmət haqqının «LİFECELL” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli LC1110355/22 nömrəli Nisyə satış müqaviləsinə əsasən 434 manat dəyərində, 50 manat ilkin ödəniş olmaqla, Samsung A13 32GB məhsulu 6 ay müddətinə, hər ay 64 manat ödənilməklə nisyə mal almışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2022-ci il tarixli LC1110355/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 189 (yüz səksən doqquz) manat təşkil edir. Sözügedən müqavilənin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1%(bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürmüsdür. Müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq iddiaçı MMC ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, Cavabdeh müqavilə üzrə ödənilməmiş borca (189 AZN) görə 10 (on) manat cərimə məbləği tələb olunur. Ona görə də, iddiaçı təşkilat hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
a) İşə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar məhkəmənin mövqeyi:
3. Ağstafa Rayon Məhkəməsində «LİFECELL” MMC -nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə tələb edilən məbləğ 5000 manatdan az olduğundan, mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.
4. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
6. Bu səbəbdən məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və işin həllinə dair iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır.
Əsaslandırıcı hissə: Mülki işin materialları:
7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli LC1110355/22 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 434 manat dəyərində, 50 manat ilkin ödəniş olmaqla nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
8. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh «LİFECELL” MMC -yə 189 manat və 10 manat cərimə məbləği olmaqla, cəmi 199 manat borcu yaranmışdır.
9. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, «LİFECELL” MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. «LİFECELL” MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli LC1110355/22 nömrəli tarixli alqı-satqı müqaviləsinə əsasən 6 ay müddətinə ödəmək şərti ilə 434 manat dəyərində nisyə mal almışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, o, borcu ödəməmişdir. Nəticədə cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozmuş və onun iddiaçı təşkilata xx.xx.2022-ci il tarixli müqavilə üzrə 199 manat məbləğində borcu yaranmışdır.
Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
15. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir.
16. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 434 manat dəyərində nisyə mal almış və həmin pulu 6 ay müddətinə ödəməyi öhdəsinə götürməsi, «LİFECELL” MMC ilə cavabdehin alqı-satqı müqaviləsinin şərtlərini pozması, onun iddiaçı təşkilata xx.xx.2022-ci il tarixli müqavilə üzrə 189 manat borcun, 10 manat cərimə məbləğində borcunun yaranması öz təsdiqini tapdığı üçün iddia təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 189 manat borcun, 10 manat cərimə məbləğində borc, 30 manat dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı «LİFECELL” MMC-nin xeyrinə tutulmalıdır.
Nəticə hissəsi: 21.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh LC1110355/22 saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə 189 (yüz səksən doqquz) manat borcun, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 199 (yüz doxsan doqquz) manat və 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı «LİFECELL” MMC -nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova