Məhkəmə qərarları › İş №e-2(015)-187/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-187/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-187/2024 02.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh1, Cavabdeh2 qarşı sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh1, Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh2 məxsus “VAZ 21074” markalı. ** GU *** dövlət qeydiyyat nişanlı avtonəqiliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunda cavadeh Cavabdeh1 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada X5 vurularaq onun sağlamlığına az ağır xəsarət yetirilmişdir. Baş verilmiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən X1 dəymiş zərərə görə 1.500 (bir min beş yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarından aydın olur ki, sözü gedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Qazax RPŞ-nn TB-i tərəfindən tərtib edilmiş Cinayət təqibinə xitam verilməsi haqqında qərarında da müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 “VAZ 21074” markalı , ** GU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinı etibarnamə olmadan idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmiş inzibatı xəta ilə bağlı inzibatı tənbeh tədbirinin görülməsi qərarlaşdırılmışdır. Subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh1 və Cavabdeh2 1.500 manat və ödənilmiş dövlət rüsumuna görə 35 manat, müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsinə görə 10 (on) manat, ümumilikdə 1.545 (bir min beş yüz qırx beş) manat pulun iddiaçı "Qala Sığorta” ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə müraciət edərək iddialarını tam müdafiə etdiklərini nəzərə alaraq baxış iclasını nümayəndəmizin iştirakı olmadan keçirməyinizi xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən zərər çəkmiş X2 hesabına 1500 manat vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh1, Cavabdeh2 oğlundan 1.500 manat pul və ödənilmiş dövlət rüsumuna görə 35 manat, ərizənin verilməsinə görə 10 manat, ümumilikdə 1.545 (bir min beş yüz qırx beş) manat pul "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 1500 (bir min beş yüz manat) manat pul və ödənilmiş dövlət rüsumuna görə 35 (otuz beş) manat, ərizənin verilməsinə görə 10 (on) manat, ümumilikdə 1545 (bir min beş yüz qırx beş) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhimdar Cəmiyyətinə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rasulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar