Məhkəmə qərarları › İş №e-2(015)-214/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-214/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-214/2025 08.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdeh X2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC cavabdeh X2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 xx.xx.2023-cü il tarixli müqavilə üzrə İMEİ KODU **********35614 HONOR X8A markalı telefon üçün 445.57 manat ödənilməmiş hissə, 44.43 manat cərimə, cəmi 490 manat borc, 30 manat cərimə borcu yaranmışdır.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin cavabdeh X3 ilə bağladığı xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********35614 HONOR X8A markalı telefon almış və nəticədə 490 (dörd yüz doxsan) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 706.86 (yeddi yüz altı manat, səksən altı qəpik) manat olan İMEİ KODU **********35614 HONOR X8A markalı telefon üçün ümumilikdə 490 (dörd yüz doxsan) manat olmaqla, ondan, 445.57 (dörd yüz qırx beş manat, əlli yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44.43 (qırx dörd manat, qırx üç qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 261.29 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, o, müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də, iddiaçı təşkilat hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

a) İşə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar məhkəmənin mövqeyi:

3. Ağstafa Rayon Məhkəməsində İddiaçı MMC-nin cavabdeh X2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə tələb edilən məbləğ 5000 manatdan az olduğundan, mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.

4. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

6. Bu səbəbdən məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və işin həllinə dair iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İddiaçı MMC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh İMEİ KODU **********35614 HONOR X8A markalı telefon almış və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Cavabdeh alqı-satqı müqaviləsinin şərtlərini pozmuş və onun iddiaçı təşkilata xx.xx.2023-cü il tarixli müqavilə üzrə 445,57 manat ödənilməmiş hissə, 44,43 manat cərimə borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, o borcu ödəməmişdir.

8. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. İddiaçı MMC ilə borclu X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən kreditlə mobil telefon almışdır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun xx.xx.2023-cü il tarixli müqavilə üzrə 445,57 manat ödənilməmiş hissə, 44,43 manat cərimə borcunun olması müəyyən edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Məhkəmə iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi 44,43 manat cərimə borcuna münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

17. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

18. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

19. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

20. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 44,43 manat dəbbə pulunun azaldılaraq 5 manat məbləğində müəyyən edilməlidir.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsum ödənilmişdir.

24. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehin İMEİ KODU **********35614 HONOR X8A markalı telefon alması və həmin pulu ödəməyi öhdəsinə götürməsi, cavabdehin müqavilə şərtlərini pozması, onun iddiaçı təşkilata xx.xx.2023-cü il tarixli müqavilə üzrə 445,57 manat əsas, 44,43 manat cərimə borcunun yaranması, lakin iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi dəbbə pulu tənasübsüz surətdə hesablanması sübuta yetirildiyindən iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 445,57 manat əsas, 5 manat cərimə borcu, 30 manat dövlət rüsumu olmaqla, cəmi 480,57 manat İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

Nəticə hissəsi: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2023-cü il tarixli müqavilə üzrə 445,57 (dörd yüz qırx beş manat, əlli yeddi qəpik) manat əsas, 5 (beş) manat cərimə borcu, 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 480,57 (dörd yüz səksən manat, əlli yeddi qəpik) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar