Məhkəmə qərarları › İş №e-2(015)-567/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-567/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-567/2024 15.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı «X1mayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi barədə» kiçik iddidalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, QZXK02192 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, 12 ay müddətinə hissə-hissə hər ay üçün 38 manat sonuncu ay üçün isə 40 manat ödəmək şərti ilə 458 manat dəyərində malların nisyə satışı müqaviləsinə 2 saylı əlavədə-təhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə təhviltəslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarım bəndinə əsasən, borclu müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, iddiaçı nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 160 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bildirilir ki, faktor «X1mayan Kredit Təşkilatı» MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli 01 saylı Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, QZXK02192 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini «X1mayan Kredit Təşkilatı» MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2020-ci il tarixli, QZXK02192 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini «X1mayan Kredit Təşkilatı» MMCyə güzəşt etməsi barədə bildiriş verilmişdir. Ona görə də Cavabdeh 160 manat qalıq borcu, 115,39 manat cərimə borcu olmaqla, cəmi 275,39 manat borcun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun «X1mayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehdən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, QZXK02192 №-li saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 12 ay müddətinə hissə-hissə hər ay üçün 38 manat sonuncu ay üçün isə 40 manat ödəmək şərti ilə 458 dəyərində mallar cavabdehə verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM)-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd edilən Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmçinin MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Mülki prosesual qanunvericiliyin tələblərinə görə qətnamənin nəticə hissəsində alınmalı olan ümumi məbləğ göstərilməlidir, gələcəkdə müəyyən ediləcək məbləğ göstərilə bilməz. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 470, 472 və 567-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə istinad edərək hesab edir ki, dəbbə pulu azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 - 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 160 manat və 1 manat cərimə faizi olmaqla, cəmi 161 (bir yüz altmış bir) manat iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq «X1mayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar