Məhkəmə qərarları › İş №e-2(015)-908/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-908/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-908/2024 12.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı (MMC) Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 952 manat əsas, 95 manat cərimə, cəmi 1.047 manat borcun, habelə ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,77 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, R0083181 saylı “Nisyə alqı-satqı” müqaviləsinə əsasən alıcı satıcıdan dəyəri 1.276 manat olan mallar almışdır. Cavabdeh aldığı əşyaya görə 100 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 1.176 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, müqavilənin şərtlərini qismən yerinə yetirmiş və 224 manat ödəniş etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh İddiaçı MMC-yə 952 manat əsas borc, 95 manat cərimə borcu olmaqla, ümumilikdə 1.047 manat borcu mövcuddur. İş materiallarında olan bildirişdən görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəlləsinin 600.4-cü maddəsinə müvafiq olaraq, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmçinin MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 470, 472 və 567-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə istinad edərək hesab edir ki, dəbbə pulu azaldılaraq 1 (bir) manat məbləğində müəyyən edilməlidir. Beləliklə, ərizə qismən təmin edilməli, Cavabdeh 952 manat əsas borc, 1 manat cərimə borcu olmaqla, ümumilikdə, 953 manat borc, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,77 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 952 manat əsas borc, 1 manat cərimə borcu olmaqla, ümumilikdə 953 manat borc, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,77 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar