Məhkəmə qərarları › İş №e-2(016)-1343/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1343/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1343/2025 15.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19886 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 258,38 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 65 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 323,38 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19886 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə satış qiyməti 276 ABŞ dolları olan “Xiaomi Redmi 14C 8-25gb” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən satmışdır. Tərəflər arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2025ci il tarixdə 17,62 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə clasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə “Xiaomi Redmi 14C 8-25gb” markalı telefon satılmışdır. - Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 258,38 ABŞ dolları əsas və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 323,38 ABŞ dolları borcu vardır. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “ödənilməmiş hissənin tutulması” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 65 ABŞ dolları məbləğində deyil, 5 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ödəniş gününə olan məzənnə ilə 258,38 ABŞ dolları əsas borc, 5 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 263,38 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar