Məhkəmə qərarları › İş №e-2(016)-1380/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1380/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1380/2025 24.11.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X2 15 kompüter üçün 1.880 manat ödənilməmiş hissə, 188 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2 ədəd X3 Pro planşet, X1 konsol üçün 2.826,9 manat ödənilməmiş hissə, 282,69 manat cərimə borcu olmaqla, cəmi 5.177,59 manat borc və 71,78 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İMEİ KODU 56178/64SB03637 X3 PRO planşet, İMEİ KODU 56178/64SB05159 X3 PRO planşet, İMEİ KODU 56178/64SB02114 X3 PRO planşet, X1 konsol, APPLE MACBOOK AİR 15 kompüter almış və nəticədə 5.177,59 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2.826,9 manat (18 ay x 157,05 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU 56178/64SB03637 X3 PRO planşet, İMEİ KODU 56178/64SB05159 X3 PRO planşet, İMEİ KODU 56178/64SB02114 X3 PRO planşet, X1 konsol üçün ümumilikdə, 3.109,59 manat olmaqla ondan, 2.826,9 manat ödənilməmiş hissə, güzəşt olunaraq 282,69 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4.714 manat (24 ay x 188 manat + 202 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 15 kompüter üçün ümumilikdə, 2.068 manat olmaqla ondan, 1.880 manat ödənilməmiş hissə, güzəşt olunaraq 188 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.834 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2023 və xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə X2 15 kompüter, 2 ədəd X3 Pro planşet, X1 konsol satılmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1.880 manat ödənilməmiş hissə, 188 manat cərimə, xx.xx.2025ci il tarixli müqaviləyə əsasən 2.826,9 manat ödənilməmiş hissə, 282,69 manat cərimə borcu olmaqla, cəmi 5.177,59 manat borcu vardır. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 71,78 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “ödənilməmiş hissənin tutulması” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı müqavilələr ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilələr ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimənin 188 manat məbləğində deyil, 5 manat məbləğində, xx.xx.2025-ci il tarixli müqavilə üzrə cərimənin 282,69 manat məbləğində deyil, 5 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 71,78 manat dövlət rüsumunun 4,61 manatı iddiaçıya, 67,17 manatı cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.880 manat məbləğində ödənilməmiş hissə, 5 manat məbləğində cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2.826,9 manat məbləğində ödənilməmiş hissə, 5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4.716,9 manat məbləğində vəsaiti və ödənilmiş 67,17 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 4,61 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar