Məhkəmə qərarları › İş №e-2(016)-260/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-260/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-260/2025 05.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei kod **********41265 “Sony Xperıa xa2 Ultra” markalı telefon üçün 692,4 manat ödənilməmiş hissə, 207,72 manat cərimə borcu olmaqla, cəmi 900,12 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********41265 Sony Xperıa xa2 Ultra markalı telefon almış və nəticədə 900,12 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 704,4 manat (yəni 12 ay x 58.7 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********41265 Sony Xperıa xa2 Ultra markalı telefon üçün ümumilikdə, 900,12 manat olmaqla, ondan 692,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 207,72 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin son ödəniş tarixi xx.xx.2022-ci il olmaqla cəmi ödədiyi məbləğ 12 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış ilə xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, onun 2020-ci ildə telefonu sınmış, həmin gün şəhərdə imiş. “Kontakt home” mağazasına yaxınlaşıb, telefon almış, telefon əldə etdiyi gündən 15-17 gün sonra xarab olmuşdur. O da müştəri xidmətinə zəng etmiş, onlar bildirmişlər ki, telefonu hansı filialdan əldə etmisənsə, ora yaxınlaş. O da telefonu göndərmiş, oradan da telefon servisə getmişdir. Təmir ediləndən sonra telefonu götürmüş, bir gün işlətmiş, yenə xarab olmuşdur. O, bildirmişdir ki, telefonu götürmür, yeni telefon verilsin. Telefonu aldığı gündən ödəniş etməmişdir. Cavabdeh iddia tələbinə iddia müddəti tətbiq edilməklə tələbin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə clasında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə “Sony Xperıa xa2 Ultra” markalı telefon satılmışdır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 692,4 manat ödənilməmiş hissə, 207,72 manat cərimə borcu olmaqla, cəmi 900,12 manat borcu vardır. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən mübahisələndirilən əsas hal məhz sözügedən tələb üzrə iddia müddətinin keçməsidir. Bu baxımdan, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüququnun qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci və 375.2-ci maddələrinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə tərəflər arasında münasibətlər müqavilə xarakterli münasibət olduğu üçün qeyd edilən tələbə üç illik iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, MM-in 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2-ci və 384-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə müqavilədən irəli gələn öhdəliklə bağlı olduğu üçün qeyd edilən mübahisəyə məhz Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılmalı və iddia müddətinin axımının başlanmasını kredit müqaviləsi üzrə müddətin bitməsi anından hesablanmalıdır. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, iddiaçı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə sonuncu ödənişin hansı tarixdə edilməsini təsdiqləyən mötəbər və mümkün sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, yuxarıda da vurğulandığı kimi, hazırkı iş üzrə iddia müddətinin axımının başlanmasını nisyə alqı-satqı müqaviləsi üzrə müddətin bitməsi anından hesablanmalıdır. Mülki işin müəyyən edilmiş hallarına görə isə tərəflər arasında müqavilə münasibətləri 12 ay davam etməklə, xx.xx.2021-ci il tarixində başa çatmışdır. Odur ki, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə iddia müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixindən hesablandıqda, iddiaçı həmin tarixdən 3 il 26 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə iddia irəli sürməklə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar