Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-290/2025 14.01.2026 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Cavabdeh ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.221 manat məbləğində vurulmuş zərər və 72,21 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Volkswagen Golf” markalı, 99–BY–859 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2022-ci il fevralın 17-də Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi “Volkswagen Golf” markalı, 99–BY–859 dövlət nömrə nişanlı avtomobillə Ağsu rayonu, Çaparlı kəndi hissəsində “Ford Transıt” markalı, 50–DX–574 dövlət nömrə nişanlı və “Ford Transıt” markalı, 27–BK–071 dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Toqquşmanın nəticəsində “Volkswagen Golf” markalı, 99– BY–859 dövlət nömrə nişanlı avtomobilin sərnişini Babaşova Sənəm Museykazım qızı yüngül dərəcədə xəsarətlər almışdır. Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarxili, 3(016)-161/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsiri nəticəsində baş verməsi məhkəmənin qərarı ilə müəyyən edilərək, təsdiqini tapmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2.5-ci maddəsinə əsasən mülki məsuliyyət sığortası üzrə üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan yüngül xəsarət aldıqda 15 faiz nisbətində ödənilir (5000 manat x 30 faiz = 750 manat). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 tərəfindən verilmiş 35 nömrəli ekspert rəyinə əsasən Babaşova Sənəm Museykazım qızının yüngül dərəcəli xəsarət alması 2022-ci il fevralın 17-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi, təsdiqini tapmışdır. Avtoservis Masazır tərəfindən verilmiş akta əsasən hadisə nəticəsində “Ford Transıt” markalı, 27–BK–071 dövlət nömrə nişanlı avtomobilə 1.215 manat məbləğində ziyan dəymişdir. Avtoservis Masazır tərəfindən verilmiş akta əsasən hadisə nəticəsində “Ford Transıt” markalı, 50–DX–574 dövlət nömrə nişanlı avtomobilə 3.256 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 4.069 nömrəli ödəniş tapşırığı ilə 750 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs Babaşova Sənəm Museykazım qızına ödəmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 3.575 nömrəli ödəniş tapşırığı ilə 1.215 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X4 ödəmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 3.256 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X2 ödəmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, hadisə 3 il bundan əvvəl olmuşdur. O, sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyi üçün günah onda olmuşdur. Bunun üçün 400 manat məbləğində cərimə də edilmişdir. O, “Ford Transit” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla razı deyil, maşına özləri də ziyan verərək pulunun ondan tutulmasını tələb edirlər. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İcbari sığorta müqaviləsinə dair” məlumatdan görünür ki, “Volkswagen Golf” markalı, 99–BY–859 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə 1 il müddətində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. - "xxxx" ASC tərəfindən verilmiş PXA109792 saylı sığorta aktının surətindən görünür ki, zərərçəkmiş şəxs Babaşova Sənəm Museykazım qızının hesabına 750 manat sığorta ödənişi həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş PXA104971 saylı sığorta aktının surətindən görünür ki, zərərçəkmiş şəxs X1 hesabına 3.256 manat sığorta ödənişi həyata keçirilmişdir. - Ağsu Rayon Məhkəməsinin 3(016)-161/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 72,21 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. - Uniprice MMC-nin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, “Ford Transıt” markalı, 50–DX–574 dövlət nömrə nişanlı avtomobilin vurulması nəticəsində həmin avtomobilə dəymiş zərərin məbləği (usta haqqı ilə birgə) 2.540 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən və o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 72,21 manat dövlət rüsumunun 26,81 manatı iddiaçıya, 45,4 manatı cavabdehə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2.540 manat məbləğində pul vəsaiti və ödənilmiş 45,4 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 26,81 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC-nin Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-290/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-290/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver