Məhkəmə qərarları › İş №e-2(016)-321/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-321/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-321/2025 11.03.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 750 manat pul vəsaiti, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 10 manat müvəqqəti təminat tədbirinin verilməsi üçün ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 790 manat məbləğində pul vəsaitinin alınmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Chevrolet Cobalt LTZ” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, R.Şahbazi küçəsi ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X1 yüngül xəsarət yetirilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən X1 dəymiş zərər üzrə 750 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Yasamal rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmişdir ki, “Chevrolet Cobalt LTZ” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-ci və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, 0443/24 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsindən görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. - xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci və 327.8-ci maddələri ilə təqsirli bilinmişdir. - CMBİ0009/24 nömrəli sığorta aktından görünür ki, 750 manat məbləğində pul vəsaiti X2 yolu ilə ödənilmişdir. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən və o, hadisə yerindən yayındığından, vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “müvəqqəti təminat tədbirinin təmini barədə ərizə üçün ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun cavabdehdən tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iş materiallarından olan Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(016)-2/2025 saylı qərardadından görünür ki, Cavabdeh məxsus “Chevrolet Cobalt LTZ” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin iddianın təmini məqsədilə özgəninkiləşdirilməsinin məhdudlaşdırılması barədə iddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə təmin edilməmişdir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 750 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar