Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-685/2025 23.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********40279 İphone 15 Pro markalı telefon üçün 2.625 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 262,50 manat cərimə borcu olmaqla, cəmi 2.911,10 manat borc və 49,12 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, cavabdeh İmei kod **********40279 İphone 15 Pro markalı telefon almış və nəticədə 2.911,10 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3.150 manat olan İmei kod **********40279 İphone 15 Pro markalı telefon üçün ümumilikdə, nəticədə 2.911,10 manat olmaqla, ondan 2.625 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 262,50 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 525 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, telefon götürmüş, 49 gün gecikməsi olmuş, sonra 3 ayın hamısını - 750 manatı bir dəfəyə ödəmişdir. Gecikməsi olduğu üçün 420 manat faiz borcu necə yarana bilər. Onun götürdüyü telefonun dəyəri 3.150 manatdır, ondan da 150 manat ilkin ödəniş etmişdir. 750 manat da sonradan ödəmiş, 2.250 manat da borcu qalmışdır. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə clasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə İphone 15 Pro markalı telefon satılmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2.625 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 262,50 manat cərimə borcu olmaqla, cəmi 2.911,10 manat borcu vardır. - xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,6 manat məbləğində rüsum ödənilmişdir. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 49,12 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “ödənilməmiş hissənin tutulması” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı müqavilələr ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilələr ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimənin 262,50 manat məbləğində deyil, 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin “İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, arayışdan görünür ki, iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,6 manat məbləğində rüsum ödənilmişdir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 49,12 manat dövlət rüsumunun 2,53 manatı iddiaçıya, 46,59 manatı cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2.625 manat məbləğində ödənilməmiş hissə, 23,6 manat məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.658,6 manat məbləğində pul vəsaiti və ödənilmiş 46,59 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2,53 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-685/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-685/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver