Məhkəmə qərarları › İş №e-2(016)-694/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-694/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-694/2025 23.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 İmran oğlu və Cavabdeh2 Məhərrəm oğlundan müştərək qaydada 1.640 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 36 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il saat 07:55 radələrində Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh1 İmran oğluna məxsus, Cavabdeh2 Məhərrəm oğlunun idarə etdiyi “Mercedes Benz E290” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai ix35” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə maddi zərər vurmuşdur. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP4847797 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 Məhərrəm oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş Qüsur aktında göstərilmişdir ki, “Hyundai ix35” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1.640 manat təşkiledir. "xxxx" ASC tərəfindən hadisə üzrə PXA105041/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərin aradan qaldırılması üçün 1.640 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirdi ki, Cavabdeh2 oğlu onun etibarnamə verdiyi şəxs ilə dost olub, avtomobili də onların həyətində saxlayıblar. O, avtomobili icazəsiz götürüb istifadə edən zaman qəza törədib. Sonra polis ondan Suraxanı rayonunda izahat alıb. Bu qəza 3 il əvvəl olub. O, Elman adlı şəxsi görməmişdir, tanımır. İddia tələbinin ona aid hissədə rədd olunmasını xahiş etmişdir. Cavabdehlər xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsindən görünür ki, “Mercedes E290 TD” minik markalı, “**-NU-***” dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. - xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 327.6cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Hyundai ix35” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 1.640 manat müəyyən edilmişdir. - PXA105041 nömrəli sığorta aktından görünür ki, 1.640 manat məbləğində pul vəsaiti X1 yolu ilə ödənilmişdir. - xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi tələb edilmişdir. - xx.xx.2021-ci il tarixli etibarnamədən (qüvvədən düşüb) görünür ki, Cavabdeh1 “Mercedes E290 TD” minik markalı, “**-NU-***” dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və digər hərəkətləri etmək səlahiyyətini 1 il müddətinə, yəni xx.xx.2022-ci il tarixədək X3 vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, “Mercedes E290 TD” minik markalı, “**-NU-***” dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ilin fevral ayında etibarnamə əsasında Cavabdeh1 alımışdır. Maşını içindəki əşyaları boşaltmaq üçün Kamran adlı ustanın həyətinə aparmışlar, açar da ustada imiş. Kamranın atası səhər uşaqları maşınla götürüb məktəbə aparıb, gedəndə qəza törətmişdir. Usta ona zəng etmişdir ki, atası onun maşını ilə qəza törətmişdir. Maşını keçən il satmışdır. Maşının Cavabdeh2 tərəfindən istifadə edilməsinə Cavabdeh1 razılıq verməmiş, onun umumiyyətlə maşının harada saxlanılmasından məlumatı olmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi sığortalanmış “Mercedes E290 TD” minik markalı, “**- NU-***” dövlət qeydiyyat nişanlı avtomobilin “Hyundai ix35” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə zərər dəyməsi işin materialları ilə sübut olunur. Bununla da, sığortalanmış “Mercedes E290 TD” minik markalı, “**-NU-***” dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai ix35” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.2-ci maddəsinə əsasən, sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 hadisə yerindən yayındığından, bununla da iddiaçının ona qarşı subroqasiya hüququ yarandığından, sığorta ödənişi Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi Cavabdeh2 tərəfindən idarə edilərkən törədildiyindən, o isə hadisə yerindən yayındığından, zərərin ödənilməsi ilə bağlı məsuliyyət də onun üzərinə qoyulmalıdır. Məhkəmə qeyd edir, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ona məxsus “Mercedes E290 TD” minik markalı, “**-NU-***” dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında X3 vermişdir. T.İsmayılov həmin nəqliyyat vasitəsini Kamran adlı ustanın həyətində saxlamış, bundan sonra Kamranın atası - Cavabdeh2 nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh1 “Mercedes E290 TD” minik markalı, “**-NU-***” dövlət qeydiyyat nişanlı avtomobilin harada saxlanmasından və kim tərəfindən idarə edilməsindən məlumatı olmamışdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh2 alınmaqla yanaşı eyni zamanda, Cavabdeh2 ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh2 aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1.640 (bir min altı yüz qırx) manat məbləğində pul vəsaiti və ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar