Məhkəmə qərarları › İş №e-2(016)-72/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-72/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-72/2025 21.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 22 fevral 2024-cü il tarixli, AZL- 2027 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin məhv olduğu 22 iyun 2024cü il tarixə 20.220,67 manat əsas, 280,60 manat gecikdirilmiş mükafat borcunun, ümumilikdə 20.501,27 manat borc və ödənilmiş 151,51 manat dövlət rüsumunun idiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 22 fevral 2024-cü il tarixli, AZL-2027 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt LT” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 509.46 manat, ümumilikdə isə 33.868 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 33.868 manatın 24.250 manatı əsas məbləğ təşkil edir. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Chevrolet Cobalt LT” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 iyun 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə düşmüşdür. Servis Mərkəzi tərəfindən verilmiş zərərin qiymətləndirilməsinə dair akta əsasən lizinq obyekti olan avtomobilin təmir üçün tam yararsız olduğu müəyyən edilmişdir. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektin tam yararsız vəziyyətə düşdüyü 22 iyun 2024cü il tarixə borcu əsas məbləğ üzrə 20.220,67 manat və gecikdirilmiş mükafat məbləği üzrə 280,60 manat olmaqla, ümumilikdə 20.501,27 manat təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkmə iclasında çıxış edərək bildirdi ki, müqavilə əsasında maşını götürmüşlər, lakin qəza olmuş və maşın yararsız hala düşmüşdür. İddiaçı tərəfindən tələb olunan məbləği Cavabdeh hissə-hissə ödüyə bilər. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 22.02 2024-cü il tarixli, AZL-2027 saylı İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Daxili lizinq müqaviləsi”ndən görünür ki, cavabdehin sifarişi ilə “Chevrolet Cobalt LT” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 24.250 manat məbləğinə cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən cavabdeh illik 16% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 509.46 manat, ümumilikdə isə 33.868 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Chevrolet Cobalt LT” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli, “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Nümayəndə xx.xx.2024-cü il tarixdə, saat 03:55-də idarə etdiyi “Chevrolet Cobalt LT” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində cərimə tətbiq edilmişdir. - BB539530 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «“Chevrolet Cobalt LT” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-yə məxsusdur. - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə daxili lizinq müqaviləsi üzrə 20.220,67 manat əsas, 280,60 manat mükafat borcu olmaqla, cəmi 20.501,27 manat məbləğində borcu vardır. -xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə borc məbləğinin ödənilməsi barədə xəbərdarlıq etmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 151,51 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “əsas və mükafat borcun ödənilməsi” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, pul məbləğini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə, iddia tələbinin 151,51 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, AZL-2027 nömrəli Daxili lizinq müqaviləsi üzrə 20.220,67 manat əsas, 280,6 manat gecikdirilmiş mükafat borcu olmaqla, cəmi 20.501,27 manat borc və 151,51 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar