Məhkəmə qərarları › İş №e-2(016)-78/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-78/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-78/2024 15.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı "İcbari Sığorta Bürosu" X3 Cavabdeh qarşı "Subroqasiya qaydasında pul" tələbinə dair mülki işə Ağsu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı ilə aparılmaqla baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İcbari Sığorta Bürosu" X6 Cavabdeh qarşı "Subroqasiya qaydasında pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 4800 manat və ödənilmiş dövlət rüsumuna görə 68 manat, ümumilikdə 4868 manat pulun iddiaçının "İcbari Sığorta Bürosu" X3 xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış X1 adına sığortalanmış “HYUNDAİ ELANTRA” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində Bakı şəhəri Y.Suraxanı qəsəbəsində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 əmlakına zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar "İcbari Sığorta Bürosu" X6 tərəfindən zərərçəkənə dəymiş zərər üzrə 4800 AZN pul məbləğində ödəniş həyata keçirmişdir. İş materiallarından aydın olmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Sabunçu Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP3956788 nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar”dan məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh “Hyundaı Elantra” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan istismar etmiş və bu səbəbdən İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərirzə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “İcbari sığorta müqaviləsinə dair” məlumatdan görünür ki, “HYUNDAİ ELANTRA” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə 1 il müddətində "İcbari Sığorta Bürosu" X6 tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. - "İcbari Sığorta Bürosu" X6 tərəfindən verilmiş İC AA 6244/20 saylı sığorta aktının surətindən görünür ki, zərərçəkmiş şəxs X4 hesabına 4800 manat sığorta ödənişi həyata keçirilmişdir. - TP ******* nömrəli “İnzibati tənbeh tətbiq etmə haqqında” qərardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 14:34-da idarə etdiyi “HYUNDAİ ELANTRA” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələrinə əsasən barəsində cərimə tətbiq edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-988/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə görə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin: 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanunun: 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır Məhkəmə hesab edir ki, sığorta hadisəsi baş verərkən X2 məxsus “HYUNDAİ ELANTRA” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən onu istismar etməyə hüququ olmadan idarə etməsi ilə baş verdiyindən, bununla da "İcbari Sığorta Bürosu" X3 Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı ilə cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "İcbari Sığorta Bürosu" X6 tərəfindən ödənilmiş 4800 manat məbləğində sığorta ödənişi və 68 manat dövlət rüsumu, ümumilikdə 4868 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı "İcbari Sığorta Bürosu" X3 xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "İcbari Sığorta Bürosu" X6 tərəfindən ödənilmiş 4800 manat məbləğində sığorta ödənişi və 68 manat dövlət rüsumu, ümumilikdə 4868 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı "İcbari Sığorta Bürosu" X3 xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar