Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-114/2025 24.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı «X3 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı «X3 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı 38132 manat əsas borc, 7626 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 228 manat, cəmi 45986 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə «X3 Kompleksi» MMC-nin Ağcabədi filialı arasında bağlanmış 01 yanvar 2023-cü il tarixli, 103 saylı xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən cavabdeh 30 hektar torpaq sahəsində öz işçi qüvvəsi hesabına pambıq əkməyi və hər hektardan 30 sentinerdən az olmamaqla pambıq istehsal etməklə iddiaçıya satmağı üzərinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 49472,29 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh müqavilə üzrə 11339,72 manat dəyərində xam pambığı iddiaçı «X3 Kompleksi» MMC-yə təhvil vermiş və bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur. Bununla da cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və nəticədə onun «X3 Kompleksi» MMC-yə 38132 manat borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə borcun qaytarılması üçün xəbərdarlıqlar və pretenziyalar verilsə də, cavabdeh iddiaçının pretenziyasına cavab verməmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambığı təhvil vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 7626 manat təşkil edir. Ona görə də Cavabdeh 38132 manat əsas borc, 7626 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 228 manat, cəmi 45986 pulun alınaraq «X3 Kompleksi» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X3 Kompleksi» MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan 01 yanvar 2023-cü il tarixli, 103 saylı xam pambığın alqı-satqısına dair müqavilədən görünür ki, Cavabdeh 30 hektar sahədə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla olmaqla istehsal etdiyi xam pambığı bütünlüklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh «X3 Kompleksi» MMC-yə 38132,57 manat borcu vardır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı «X3 Kompleksi» MMC arasında 01 yanvar 2023-cü il tarixli, 103 saylı xam pambığın alqısatqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh 30 hektar sahədə pambığı əkib becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla məhsul əldə etməklə xam pambıq məhsulunu iddiaçıya satmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun iddiaçıya 38132 manat borcu yaranmış və həmin borca 7626 cərimə hesablanmışdır. Buradan da göründüyü kimi iddiaçı «X3 Kompleksi» MMC Cavabdeh 38132 manat əsas borcu və 7626 manat cərimə borcunu tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azada bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə pulunun miqdarı 30 manatadək azaldılmalıdır. İşdə olan 08 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, «X3 Kompleksi» MMC tərəfindən 228 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 228 manat dövlət rüsumu iddiaçı «X3 Kompleksi» MMC tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 38132 manat borc, 30 manat cərimə pulu və 228 manat dövlət rüsumu, cəmi 38390 manat alınaraq iddiaçı «X3 Kompleksi» MMC-nin xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 38132 manat borc, 30 manat cərimə pulu və 228 manat dövlət rüsumu, cəmi 38390 (otuz səkkiz min üç yüz doxsan) manat alınaraq iddiaçı «X3 Kompleksi» MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-114/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-114/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver