Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1265/2024 13.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İPHONE 15 PRO MAX markalı telefon, Vinil MAT APPLE ADAPTER üçün 5123,88 manat ödənilməmiş hissə, 511,12 manat dəbbə pulu olmaqla, ümumilikdə 5635 manat məbləğində borc, həmçinin ödənilmiş 76,35 manat dövlət rüsumunun Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən İPHONE 15 PRO MAX markalı telefon, Vinil MAT APPLE ADAPTER almış və nəticədə 5635 manat borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən alqısatqı qiyməti 5623,88 manat olan (18 ay x 284,66 manat + 500 manat ilkin ödəniş) İPHONE 15 PRO MAX markalı telefon, Vinil MAT APPLE ADAPTER üçün ümumilikdə 5635 manat olmaqla ondan 5123,88 manat ödənilməmiş hissə, 511,12 manat dəbbə pulu borc yaranmışdır. Cavabdeh cəmi 500 manat ödəniş etmişdir. Ona görə də xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İPHONE 15 PRO MAX markalı telefon, Vinil MAT APPLE ADAPTER üçün 5123,88 manat ödənilməmiş hissə, 511,12 manat dəbbə pulu, ümumilikdə 5635 manat məbləğində borc, həmçinin ödənilmiş 76,35 manat dövlət rüsumunun Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsinin Ağcabədi Rayon Məhkəməsinə göndərdiyi və məhkəməyə daxil olmuş məktubunda təyin edilmiş məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 14065690 nömrəli müqavilənin və maliyyə ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023cü il tarixdə bağlanmış müqaviləyə əsasən 18 ay müddətə, alqı-satqı qiyməti 5623,88 manat olan İPHONE 15 PRO MAX markalı telefon, Vinil MAT APPLE ADAPTER almışdır. Həmin Müqavilənin və ona edilmiş əlavənin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində "müştəri" mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən alqı-satqı qiyməti 5623,88 manat olan (18 ay x 284,66 manat + 500 manat ilkin ödəniş) İPHONE 15 PRO MAX markalı telefon, Vinil MAT APPLE ADAPTER üçün 5123,88 manat ödənilməmiş hissə, 511,12 manat dəbbə pulu (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdeh cəmi 500 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdeh borcun ödənilməsi barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 343.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Vaxtı keçmiş kredit üçün hesablanmış faiz borcu (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı»19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X3rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənlərə əsasən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini və cəmiyyətin ümumi maraqlarının tələbləri ilə borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehdən müqavilə üzrə tələb edilən gecikdirilmiş faiz formasında 511,12 manat məbləğində maliyyə sanksiyası olan dəbbə pulu azaldılaraq, 20 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən alqı-satqı qiyməti 5623,88 manat olan İPHONE 15 PRO MAX markalı telefon, Vinil MAT APPLE ADAPTER almışdır. Həmin müqaviləyə əsasən tərtib olunmuş ödəniş cədvəlinə uyğun ödənişlər edilmədiyinə görə cavabdehin Cəmiyyətə olan borcu 5123,88 manat təşkil edir. Cavabdeh borcun ödənilməsi barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddi qanunvericilik aktlarının bu normalarına istinad edən məhkəmə hesab edir ki, Cavabdeh borca görə yaranmış, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5123,88 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, ümumilikdə 5143,88 manat borc və dövlət rüsumuna görə ödənilmiş 76,35 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5143,88 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 76,35 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-1265/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1265/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver