Məhkəmə qərarları › İş №e-2(017)-13/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-13/2025

06.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-13/2025 06.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq inşa edilmiş daş hasarın sökülməsi və mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq inşa edilmiş daş hasarın sökülməsi və mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, 1998-ci ildə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini alaraq həmin ildən ailəsi ilə birlikdə orada yaşayır. Cavabdeh 2021-2022-ci illərdə qonşu ərazidə yerləşən boş torpaq sahəsini aldıqdan sonra fərdi yaşayış evi tikdirmişdir. Ona məxsus olan evin texniki pasportunda evi ilə qonşu həyət arasında 1,10 metr ərazinin də ona aid olduğu qeyd olunmuşdur. Lakin qonşu daş hasarı tikərkən qeyd olunan 1,10 metrlik ərazidən yalnız 50 sm-lik ərazini boş saxlamış və iki qonşu arasında daş hasar tikilmiş, həmin boşluq əraziyə giriş bağlanmışdır. Bundan başqa, daş hasarın tikilməsindən sonra evin qonşuya aid əraziyə baxan, 3 ədəd ayrı-ayrı otaqlara məxsus pəncərənin qarşısı kəsilmişdir. Belə olan halda, hər hansı fövqəladə vəziyyətdə qeyd olunan pəncərənin qarşısına keçmək tamamilə qeyri-mümkün hal almışdır. Eyni zamanda, həmin pəncərələrdən evə hava və gün işığının düşməməsi səbəbindən evdə rütubət artmış, bu da onların sağlamlığına ciddi təsir göstərir. Qanunsuz hərəkətlərinə son qoymasını və mülkiyyətindən sərbəst istifadə olunması üçün maneələrin aradan qaldırılmasını cavabdehdən tələb etsələr də bu mümkün olmamışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, Ağcabədi şəhəri, Həsən Əliyev küçəsində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsini alaraq, həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmişdir. Artıq ev tikilib qurtarmış, kosmetik işləri qalmışdır. Tikinti işləri başlandığı müddətdən qurtarana kimi iddiaçı ilə aralarında hər hansı bir mübahisə olmamışdır. Son vaxtlarda belə bir mübahisə çıxmışdır. Onun tikdiyi fərdi yaşayış evi və iki qonşu arasında çəkilmiş daş hasar öz vəsaiti hesabına özünə məxsus olan torpaq sahəsində tikilmişdir. İddiaçının yaşadığı fərdi yaşayış evi iki qonşuya məxsus daş hasarın, sərhəd xəttinin üzərində inşa edilmişdir. Lakin onun çəkdiyi daş hasar qonşu ilə aralarında məsafə alınması üçün onun torpaq itkisi olsa da arada 60 sm boş yer saxlanılaraq tikilmişdir. Başqa sözlə, qonşunun evi ilə onun çəkdiyi daş hasar arasında qalan sahə də onun xüsusi mülkiyyətindədir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın reyestr nömrəsi **********41, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Həsən Əliyev küçəsi ərazisində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Ağcabədi şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1162,6 kv.m. həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2-2124/2025 nömrəli mütəxəssis və xx.xx.2025-ci il tarixli, 10/2995 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.1998-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1162,6 kv.m. həyətyanı torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının sənədlərdə göstərilən ölçülərə uyğunluğunu müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma zamanı inventar nömrəsi 2557 olan Texniki pasportda həyətyanı torpaq sahəsinə aid ölçü göstəriciləri əsasında İddiaçı məxsus həyətyanı torpaq sahəsinin ölçüləri müəyyən edilmişdir. Ölçmə işləri zamanı müəyyən olunmuşdur ki, 1162,6 kv.m. həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları sənədlərdə göstərilən ölçülərə uyğundur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********41, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi şəhəri, Həsən Əliyev küçəsində yerləşən 0,07 ha torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatları sənədlərdə göstərilən ölçülərə uyğundur. Cavabdeh tərəfindən iki qonşu arasında inşa olunmuş daş hasarın yerləşdiyi torpaq sahəsi Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 18-ci-ci maddələrinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 və 560.2-ci maddəsinin tələbinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinin tələbinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında İddiaçı qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının Cavabdeh tərəfindən pozulması halı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Konkret halda, istər iş materialları ilə, istərsə də İddiaçı məhkəmə iclasında verdiyi izahatla iddia tələbinin əsaslı olması sübuta yetməmişdir. Məhkəmə iclası zamanı iddiaçının iddia ərizəsində qeyd edilmiş xüsusatları – konkret olaraq, Cavabdeh hüquqa zidd hərəkətlərinin olub-olmaması, ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən tutulması, iki qonşu arasında çəkilmiş daş hasarın ona aid torpaq sahəsində inşa olunması və evi ilə qonşu həyət arasında 1,10 metr ərazinin ona aid olması faktlarla əsaslandırılmamış, bununla əlaqədar iddiaçı hər hansı bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatları, mütəxəssis və ekspert rəyini, tədqiq olunmuş iş materiallarını və iş üzrə müəyyən edilmiş halları araşdıraraq hesab edir ki, iddiaçının “qanunsuz olaraq inşa edilmiş daş hasarın sökülməsi və mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması” barədə iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyərini təşkil edən 226,70 manat məbləğində ekspertiza xərci İddiaçı aid edilməlidir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq inşa edilmiş daş hasarın sökülməsi və mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması” tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar