Məhkəmə qərarları › İş №e-2(017)-1659/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1659/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1659/2024 22.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (X12) oğluna qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh (X12) oğluna qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 3000 manat məbləğində verilmiş sığorta ödənişinin və 50 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdə Bəhrəmtəpə- Mingəçevir avtomobil yolunun Ağcabədi rayon Xocavənd kəndinin yaxınlığından keçən ərazidə İddiaçı ASC-də bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış X9 tərəfindən sərxoş vəziyyətdə idarə edilən “VAZ 2106” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil “Vaz-21011” markalı 10 DÇ 890 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, nəticədə sonuncu nəqliyyat vasitəsinin sürücü X5 və sərnişin X10 ağır xəsarət almışlar. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cavabdeh (X12) oğlu qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və məhkum olunmuşdur. Hadisə baş verərkən Cavabdeh (X12) oğlu avtomobili sərxoş halda idarə etmişdir. X5 və X7 xəsarət alması ilə əlaqədar cəmi 3000 manat sığorta ödənişi verilmişdir. Ona görə də 3000 manat məbləğində verilmiş sığorta ödənişinin və 50 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək onların iştirakı olmadan mahiyyəti üzrə işə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh (X12) oğlu məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Bu halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş PAZ********** nömrəli icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də sığortalanmışdır. Müqavilənin qüvvəyə mindiyi tarix-xx.xx.2012-ci il, müqavilənin qüvvədən düşdüyü tarix-xx.xx.2013-cü ildir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli hökmün və xx.xx.2012-ci və xx.xx.2012ci il tarixli məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş ekspert rəylərinin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 və X1 ağır zərər vurulmuşdur. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh (X12) oğlu CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş sığorta ödənişi ilə bağlı xx.xx.2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X5 və X3 vurulan zərərə görə hər birinə ödənilmiş sığorta ödənişinin məbləği 1500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş sığorta ödənişi ilə bağlı xx.xx.2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxs X3 vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən X4 bank hesabına 1500 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən X6 bank hesabına 1500 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. “İcbari sığortalar haqqında” Qanunun 25.1.2-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə "İcbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Belə ki, həmin qanunun 25.1.2-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında yaranır. Zərərçəkənin ona vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ, zərərvuranın isə başqasının şəxsiyyətinə vurulmuş zərərin əvəzini tam ödəmək öhdəliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə müəyyən olunmuşdur. Bu normaların mənasına görə hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər (21-ci maddə). Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096-cı maddə). Delikt nəticəsində fiziki və ya hüquqi şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir (1097-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də sığortalanmışdır. Müqavilənin qüvvəyə mindiyi tarix-xx.xx.2012-ci il, müqavilənin qüvvədən düşdüyü tarix-xx.xx.2013-cü ildir. xx.xx.2012-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 və X1 ağır zərər vurulmuşdur. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Cavabdeh (X12) oğlu CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. xx.xx.2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X2 vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 manat, eyni zamanda X3 vurulan zərərə görə də sığorta ödənişinin məbləği 1500 manat təşkil edir. İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə X4 bank hesabına 1500 manat, X6 bank hesabına da 1500 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə və "İcbari sığorta" haqqında Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə uyğun olaraq İddiaçı ASC-nin dəymiş zərərə görə sığorta ödənişinin məbləği, yəni 3000 manat məbləğində subroqasiya hüququ yaranmışdır. Məhkəmə iş materiallarında olan sənədləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, sağlamlığa vurulmuş zərərə görə ödənilmiş, ümumilikdə cəmi 3000 manat məbləğində sığorta ödənişi Cavabdeh (X12) oğlundan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh (X12) oğlundan 3000 (üç min) manat və dövlət rüsumuna görə ödənilmiş 50 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar