Məhkəmə qərarları › İş №e-2(017)-1837/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1837/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1837/2025 30.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun qaytarılması» barədə iddia verərək, Cavabdeh 1258,92 manat əsas, 125,89 manat cərimə borcunun və 33,85 manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 07 dekabr 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla hər ay 104,91 manat ödəmək şərti ilə 1258,92 manat məbləğində playstation 5 SLİM kredit verilmişdir. Lakin, Cavabdeh kredit borcunu ödəməkdən yayınmış, beləliklə 07 dekabr 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 1258,92 manat əsas və 125,89 manat cərimə borcu yaranmışdır. Ona görə də xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ümumilikdə 1384,81 manat borcun, habelə 33,85 manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 07 dekabr 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla hər ay 104,91 manat ödəmək şərti ilə 1258,92 manat məbləğində playstation 5 SLİM kredit verilmişdir. İş materiallarında olan və iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, 07 dekabr 2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə bağlanmasını təsdiq edən heç bir sənəd (müqavilə) iddia ərizəsinə əlavə olunmamışdır. Həmin tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilə iddia ərizəsinə əlavə olunmuşdur. Tələb isə 07 dekabr 2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə yaranmış borcun ödənilməsidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara və işin faktiki hallarına obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbində göstərilən dəlillər əsassızdır və heç bir sübutla təsdiq olunmamışdır. Ona görə də iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar